Təhlil barədə
7 oktyabr 2024-cü il tarixində Harvard Universitetinin və eyni zamanda Aspen İqtisadi Strategiya Qrupunun tədqiqatçıları David Deming, Christopher Ong və Lawrence H. Summers tərəfindən “ABŞ Əmək Bazarında Texnoloji Dəyişikliklər” adlı məqalə dərc edildi. Müəlliflər, tarix boyu ümumi məqsədli texnologiyaların, məsələn, buxar enerjisi və elektrik, peşələrin strukturunu necə dəyişdirdiyini anlamaq üçün ABŞ əmək bazarının bir əsrdən çox – 140 illik məlumatlarını təhlil ediblər. Təhlil, texnoloji dəyişikliklərin əmək bazarına illər üzrə təsirlərini araşdıraraq Süni İntellektin (Sİ) əmək bazarına mümkün təsirlərini proqnozlaşdırmağı hədəfləyir.
Aparılmış təhlildə əmək bazarı üzrə müxtəlif istiqamət və mövzularda əhəmiyyətli faktlar və nəticələr əldə edilmişdir. Onlardan ən vaciblərini aşağıdakılar olaraq qeyd etmək olar:
Əmək bazarında tarixi dəyişikliklər dövrü:
1) 1880-1960-cı illər: Əl əməyindən mexanikləşməyə keçid məşğulluğun struktrunu kənd təsərrüfatından sənayeyə dəyişilməsinə gətirib çıxarmışdır.
2) 1960-1980-ci illər: Kompüter texnologiyalarının tətbiqi ilə işlərin əksəriyyəti fabriklərdən ofis işlərinə dəyişilmişdir.
Bu dəyişikliklərin davamalılığı texnologiyanın davamlı olaraq tətbiq ediməsi və məhsuldarlığın artırılması ilə əlaqədar idi.
Sabitlik dövrü və yeni inqilabi dəyişikliklərə keçid dövrü: 1990-2017-ci illər arasında isə əmək bazarındakı dəyişikliklərin tempi azalmış, bu dövr ABŞ əmək bazarı tarixində ən sabit dövr olaraq hesab olunmuşdur. Lakin pandemiyadan sonrakı məlumatlar, dataların təhlili Sİ və digər texnologiyaların geniş tətbiq olunmasının əmək bazarında qeyri-sabit dəyişikliklərə səbəbiyyət verdiyini göstərir.
Süni İntellekt – inqilabi alət kimi: Sİ-nin artırılmış qərar vermə bacarığı və bir çox sektorda prosesləri avtomatlaşdıra bilməsi onu inqilabi/radikal dəyişiklik alətinə çevrilmə gücü verir. Bu dəyişikliyin əsas kökləri isə, daha əvvəlki illərdən STEM-lə əlaqəli olan iş sahələrinin artmış olmasından, peşəkar rollarda bacarıqların inkişaf etməsindən və aşağı ödənişli xidmət və pərakəndə sektorundakı işlərin avtomatlaşdırılmasından qidalanır.
Ən çox və ən az təsirə məruz qalan sektorlar: Avtomatlaşdırmanın ən çox pərakəndə sektoruna, ən az isə səhiyyə və təhsil sektoruna təsir göstərməsi proqnoz edilir.
Gələcək peşələrin dəyişilmə trayektoriyası: Sİ qərar vermə və problem həll etmə bacarıqlarının ən az olduğu inzibati işlər üzrə təklifi azaldacaq, analitik və qərarvermə rollarının olduğu işlərə isə təklifi artıracaqdır. Yəni, daha çox analitik və qərarvermə bacarıqlarının olduğu işlər əmək bazarında çoxluq təşkil edəcək.
Bu proseslərin fonunda isə gələcək əmək bazarına hazırlıq üçün hansı tədbirlər görülməldir? Buna dair aşağıda müvafiq siyasət tövsiyələri qeyd olunur.
Siyasət tövsiyələri
Təhsil və bacarıqların inkişafına investisiyaların edilməsi: Resurslar işçilərin analitik və idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün istiqamətləndirilməlidir.
Təsirə məruz qalan sektorlara dəstək göstərilməsi: Pərakəndə ticarət sektoru və digər böyük əmək resurslarının və transformasiyaların olduğu sektorlara iş formasının dəyişilməsi ilə əlaqədar müxtəlif proqram və təşviqlərlə dəstək tədbirləri həyata keçirilməlidir.
Sİ innovasiyasının təşviq edilməsi: Dövlətlər Sİ-ni təşviq edən innovasiya ekosisteminin yaradılmasına dəstək verməli, həmçinin, Sİ-nin tətbiqi nəticəsində yarana biləcək bərabərsizlik (iqtisadi, sosial və digər) minimallaşdırmalıdır.
Müşahidə və tənzimləmənin aparılması: Siyasətçilər Sİ-nin tətbiqi sürətini və eyni zamanda əmək bazarındakı dəyişiklikləri mütəmadi olaraq müşahidə edərək bu dəyişiklikləri minimallaşdıran, ləngidən faktorlara zamanında müdaxilələr etməlidir.
Yekun nəticə
Tarix göstərir ki, texnoloji yeniliklər əmək bazarını tədricən transformasiyaya məruz qoyur və tam təsir göstərməsi isə onilliklər tələb edir. Hər nə qədər Sİ hələlik əvvəlki inqilabi alətlər (buxar enerjisi, elektrik) kimi özünü aparsa da, bu alətin unikal xüsusiyyətləri onun gələcək təsir imkanlarına dair proqnoz verməyi çətinləşdirir. Buna baxmayaraq, Sİ-nin transformativ potensialından maksimal faydalanmaq üçün proaktiv siyasət yürüdülməli, innovasiyanı təşviq edən və sosial bərabərliyi təmin edən yanaşmalar tətbiq edilməlidir.
Sualın cavabına gəldikdə isə: Süni intellekt qısa müddətdə (short run) təhdid, uzun müddətdə (long run) fürsətdir. Müddət isə, hər bir ölkənin bu istiqamətə ayıracağı resurslara mütənasib olaraq qısa və ya uzun ola bilər.
Təhlillə ətraflı tanış olmaq üçün keçid linki:
https://www.economicstrategygroup.org/publication/deming_ong_summers/
Müəllif: Orxan Məmmədli