Çin güclü dollara qarşı valyutasını müdafiə etmək üçün artan səyləri ilə ölkədə likvidlik çatışmazlığını daha da kəskinləşdirib və mühüm qısamüddətli maliyyələşdirmə faizi son bir ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb.
Banker.az xəbər verir ki, ölkənin maliyyə institutlarının geniş istifadə etdiyi 7 günlük banklararası girovlu repo müqavilələri vasitəsilə nağd borclanma dəyəri bu həftə 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə yüksəlib. Faiz dərəcəsi ilə Çin Xalq Bankının (PBOC) öz əks repo istinad dərəcəsi arasındakı fərq 2021-ci ilin əvvəlindən bəri ən geniş səviyyəyə çatıb.
Bu maliyyələşdirmə çatışmazlığı, Çinin həm iqtisadiyyatını stimullaşdırmaq, həm də valyutasını sabitləşdirmək cəhdlərinin artan çətinliyindən xəbər verir. Çin Xalq Bankı ötən ilin sentyabr ayında iqtisadiyyatı canlandırmaq üçün geniş miqyaslı pul stimulu həyata keçirmiş, lakin indi aşağı gəlirlərin təsiri ilə daha da dərinləşən yuanın dəyərsizləşməsinin qarşısını almağa çalışır.
Çin bu həftə yuanı dəstəkləmək üçün kapital nəzarətlərində dəyişikliklər və bazar pozuntularına qarşı mübarizə aparacağına dair şifahi öhdəlik daxil olmaqla yeni tədbirlər açıqladı. Ötən həftə isə mərkəzi bank gözlənilmədən dövlət istiqrazlarının alışını dayandıracağını bəyan etdi və bu, borc alışındakı həddindən artıq artımı cilovlamağa yönəldi.
“Çin Xalq Bankı, valyuta sabitliyinin prioritetə çevrildiyi bir zamanda likvidliyin təmin olunma tempini diqqətlə idarə edir,” deyə “Huachuang Securities”in analitiki Jou Quannan Bloomberg agentliyinə qeyd edib.
Çərşənbə axşamı, Çin rəsmiləri yuanı sabit saxlamaq məqsədini vurğulayan bir mətbuat konfransı keçirdilər və maliyyə sistemində likvidliyi qorumaq üçün də addımlar atılacağını bildirdilər. PBOC sədr müavini Şuan Çannınq, faiz dərəcələri və ehtiyat norması kimi pul siyasəti alətlərindən istifadə edilərək likvidliyin geniş tutulacağını bəyan edib.
Likvidlik sıxlığı, çərşənbə axşamı bəzi bank olmayan qurumlar üçün overnayt borclanma faizlərinin 8%-ə qədər yüksəlməsinə səbəb olub, lakin bu faizlər günün sonunda təxminən 2%-ə enib.
Yeni il tətili ərəfəsində likvidlik boşluğunun necə doldurulacağı ilə bağlı qeyri-müəyyənliklər qalır. Jonun hesablamalarına görə, bu ay boşluq təxminən 1.5 trilyon yuan (205 milyard dollar) təşkil edir.
Dollar qarşısında yuan ciddi təzyiq altındadır. Güclü iqtisadi göstəricilər və inflyasiya siyasəti ilə bağlı gözləntilər fonunda dollar möhkəmlənib. Çərşənbə axşamı yuanın ofşor bazarda dəyəri 1 dollar üçün 7.3482 səviyyəsində olub, halbuki sentyabrın sonlarında bu göstərici 7-nin altında idi.
Mövsümi pul axınları likvidlik sıxlığını daha da artırır. Nağd pula tələbat uzunmüddətli tətil öncəsi artır, xüsusən də yanvarın 28-də başlayan tətil üçün ənənəvi xərclər və hədiyyələr səbəbindən. PBOC kredit imkanlarının müddəti və vergi ödənişləri də bank sistemindən nağd pulları çıxarır.
Treyderlər PBOC-nin borclanma xərclərindəki artımı nə qədər dözümlə idarə edəcəyini müşahidə edirlər, çünki bu artım, Çin iqtisadiyyatının zəif artımını davam etdirmək üçün ucuz maliyyələşdirmə tələb edən korporativ borc verənlərə və banklara təsir edə bilər.
“BNY”nin baş bazar strateqi Vi Xun Çonq qeyd edir ki, mərkəzi bank tətillər dövründə likvidliyi artırmaq üçün 14 günlük əks repo əməliyyatlarını genişləndirəcək. Ehtimal olunur ki, PBOC ilin sonuna doğru faiz dərəcələrində və ehtiyat normasında azalma ilə daha çox stimul təqdim edəcək.
Gecəlik repo faizi də bu həftə yüksələrək iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.