2025-ci il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda işsizlərin sayı 282,3 min nəfər olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İşsizlik səviyyəsi 2024-cü ilin son ayında yuvarlaq olaraq 5.3 faizdə sabit qalıb. Həmin göstərici artıq 5 aydır ki, bu səviyyədədir. Bununla da işsizlik səviyyəsi son bir ildə 0.14 faiz bəndi azalmış olub.
Həmin tarixə iqtisadi fəal əhalisinin sayı 5 milyon 312,1 min nəfər təşkil edib. Bu əhalinin 5 milyon 29,8 min nəfəri məşğul əhali kimi qeydiyyata alınıb.
2024-cü il dekabrın 1-nə olan məlumata görə, muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 775,3 min nəfər olub. Onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 890,9 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 743,7 min nəfər fəaliyyət göstərib.
Sahələr üzrə məşğulluq göstəriciləri
Muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində çalışıb. Buraya aşağıdakı sahələr daxildir:
- Emal sənayesi: 7,5%
- Tikinti: 6,7%
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 3,2%
- Mədənçıxarma sənayesi: 1,9%
- Su təchizatı, tullantıların təmizlənməsi və emalı: 1,8%
- Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı: 1,7%
Xidmət sahəsində çalışanların paylanması isə belə olub:
- Ticarət və nəqliyyat vasitələrinin təmiri: 18,5%
- Təhsil: 18,5%
- Səhiyyə və sosial xidmətlər: 8,5%
- Dövlət idarəetməsi, müdafiə və sosial təminat: 6,4%
- İnzibati və yardımçı xidmətlər: 4,5%
- Nəqliyyat və anbar təsərrüfatı: 4,2%
- Peşə, elmi və texniki fəaliyyət: 3,9%
- Turistlərin yerləşdirilməsi və ictimai iaşə: 3,4%
- İstirahət, əyləncə və incəsənət: 3,0%
- Maliyyə və sığorta fəaliyyəti: 2,2%
- İnformasiya və rabitə: 1,9%
- Daşınmaz əmlakla əlaqədar əməliyyatlar: 1,1%
- Digər xidmətlər: 1,1%