10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda turizm fondlarının yaradılması nəzərdə tutulur

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” yeni qanun layihəsinin ilkin variantının müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda bu günədək Sahibkarlığa Yardım Fondu vasitəsi ilə verilən vəsaitlərin və digər formada xarici investisiyaların həcmi istənilən məsələlərə nail olmağa kifayət etmir. Ona görə də Turizm Fondlarının yaradılması və daha cevik maliyyə mexanizmlərinin yaradılması, bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsi lazımdır. M.Qəhrəmanov bu məsələlərin qanuna əlavə edildiyini də söyləyib.

M.Qəhrəmanov deyib ki, turizm infrstrukturunun yaradılması çox vacib məsələlərdən ibarətdir: “Regionlarda yollarla, infrastrukturlarla bağlı layihələr həyata keçirilir. Lakin Azərbaycanı həmişə nümunə kimi göstərdiyimiz Türkiyə, İtaliya, İspaniya kimi tirizm ölkəsinə çevirmək istəyiriksə, mütləq müəyyən turizm və rekreasiya zonaları yaradılmalıdır. Həmin zonalara dövlətin dəstəyi ilə birdəfəlik maliyyə vəsaitləri cəlb olunmalıdır. Həm yerli, həm də xarici investorların köməyindən istifadə edərək yataq yerlərinin sayını maksimuma çatdırmalıyıq. Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsinin yollarından biri yataq yerlərinin sayının çox olmasıdır. Bununla bağlı biz infrastuktur üçün dövlət idarəetmə tələbləri məsələsini ortaya qoymuşuq. Bu məsələ turizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşmasına yardım edəcək”.

M.Qəhrəmanov deyib ki, layihəyə əsasən, ölkənin mövcud turizm potensialının, xidmətlərin həm yerli, həm də xarici səviyyədə tanıdılması, yəni reklam məqsədləri üçün idarəetmə formatında turizm bürolarının yaradılması planlaşdırılır. Həmin bürolar vasitəsi ilə regionlarda tuirizm xidməti sahələrinin formalaşmasına, onun təşviqi işinin gücləndirilməsinə təsir göstəriləcək. Bununla yanaşı, layihədə Turizm İnformasiya mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi, onların müasir dövrün tələblərinə cavab verən formada qurulması məsələsi ortaya qoyulub.

M.Qəhrəmanov qeyd edib ki, hazırkı qanundan fərqli olaraq, yeni qanun layihəsində turizm növləri- sağlamlıq, sosial, ekoloji, ekstremal, kənd-yaşıl turizmi ayrıca qeyd edilib: “Lakin bu, o demək deyil ki, bu gün Azərbaycanda yalnız bu turizm növləri var. Azərbaycanda turizmin çox geniş növləri var. Lakin digər ölkələrin təcrübəsi və Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə görə, bu növ turizmə dövlətin dəstəyinin olmasının vacibliyini nəzərə alaraq, onları qanun layihəsinə salmışıq”.

Trend

Son xəbərlər
Digər xəbərlər