Dünya bazarı ABŞ administrasiyasının başladığı ticarət müharibəsinin iqtisadi nəticələrini daha pessimist qiymətləndirməyə başlayıblar.
Banker.az xəbər verir ki, yanvar ayının əvvəlindən etibarən dollar ucuzlaşır, xəzinə istiqrazları isə bahalaşır. Bu, investorların gözləntiləri ilə ziddiyyət təşkil edir, çünki onlar Donald Trampın ticarət tarifləri tətbiq etməsi və vergiləri azaltması ilə inflyasiyanı və faiz dərəcələrini yüksəldəcəyini düşünürdülər.
“Əgər ilin əvvəlindən baş verənlərə baxsaq, görərik ki, Trampa qoyulan bir çox mərc uğursuz olub”, – deyə, “Barclays” bankının G10 valyutaları üzrə ticarət bölməsinin həmsədri Cerri Minier bildirib. “Bu, insanları mövqelərini yenidən nəzərdən keçirməyə vadar edir”.
İnvestorlar Tramp amili ilə bağlı populyar strategiyalardan uzaqlaşmağa başlayıblar. Bunun səbəbi isə onun tariflərinin gözlənildiyindən daha yumşaq olmasıdır. Lakin ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik ABŞ iqtisadiyyatına inamı sarsıdaraq, 2024-cü ilin noyabrında Trampın qələbəsinə bazarın verdiyi müsbət reaksiyanı zəiflədə bilər.
“Trampa qarşı mərc etməklə məşhur olan strategiyalar – məsələn, avroya və ya Çin yuanına qarşı oyun – bu il investorlar üçün heç bir qazanc gətirməyib”, – Minier qeyd edir. “Biz hələ də dolların güclənməsi üçün səbəb axtarırıq – amma hələ ki, belə bir səbəb yoxdur”.
Trampın inflyasiyanı artıracaq siyasət yürüdəcəyi və bunun ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltmaq imkanlarını məhdudlaşdıracağı gözləntiləri dolların güclənməsinə töhfə vermişdi. Sentyabrın sonundan ilin sonunadək ABŞ valyutası digər valyutalar səbətinə nisbətdə 8% bahalaşmışdı.
Aktivlərə nəzarət edən şirkətlər və valyuta idarəedicilərii 2017-ci ildən bəri ilk dəfə dekabr ayında dollar üzrə uzun mövqe tutublar (yəni dolların bahalaşacağına ümid ediblər). Lakin ilin əvvəlindən dollar artıq 0.4% dəyər itirib. Daha yüksək inflyasiya gözləntiləri 10 illik xəzinə istiqrazlarının gəlirliliyini artırıb və bu göstərici yanvarda 4.8%-ə çataraq, 2023-cü ilin sonundan bəri ən yüksək həddə yüksəlib.
Lakin daha sonra istiqrazların gəlirliliyi 4.54%-ə qədər azalıb. Səbəb isə bazarın diqqətinin inflyasiyadan ABŞ iqtisadiyyatının yeni prezident dövründə yavaşlaya biləcəyi narahatlığına yönəlməsidir.
Bu ay Tramp son anda Meksika və Kanadaya böyük tariflər tətbiq etmək planından geri çəkilərək, bu ölkələrə 30 günlük möhlət verib. Bununla belə, o, Çin mallarına əlavə 10%-lik tariflər tətbiq edib və keçən həftənin sonunda Yaponiyaya da yeni tariflər tətbiq edə biləcəyini açıqlayıb. Məqsəd ABŞ-ın Hind-Sakit okean regionundakı əsas müttəfiqi ilə ticarət balansındakı kəsiri azaltmaqdır.
Tramp həmçinin polad və alüminium idxalına 25%-lik tarif tətbiq etmək planlarını elan edib.
Dolların güclənməsi və ticarət müharibəsi səbəbindən ən çox zərər çəkəcəyi gözlənilən inkişaf etməkdə olan bazarlar son həftələrdə yaxşı nəticələr göstərir. Onlar üçün 2024-cü il çətin keçsə də, bəzi valyutalar çoxillik minimumlara düşsə də, inkişaf etməkdə olan ölkələrin milli valyutaları bu yaxınlarda güclənməyə başlayıb.
Trampın ikinci prezidentlik müddətinin başlamasından bəri, ötən ay Çili pesosu 3%-dən çox, Kolumbiya pesosu və Braziliya realı isə 6%-dən çox bahalaşıb.
“Bank of America”nın strategləri inkişaf etməkdə olan bazarlara daha pozitiv yanaşmağa başlayıblar. Onların fikrincə, dolların real effektiv məzənnə baxımından 1985-ci ildən bəri ən yüksək səviyyəyə çatması onun güclənməsi ilə bağlı gözləntilərin həddindən artıq olması (və overbought zona) deməkdir.
“Burada əsas məsələ ifrat mövqelər və tariflərlə bağlı xəbərlərin artıq bazar qiymətlərinə daxil edilməsidir”, – deyə, “Bank of America”nın inkişaf etməkdə olan bazarlar üzrə sabit gəlir strategiyası rəhbəri Devid Hauner FT-yə bildirib.
İnvestorlar qeyd edirlər ki, inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları iqtisadi artımı dəstəkləmək üçün faiz dərəcələrini aşağı sala bilər. Meksika, Çexiya və Hindistan artıq bunu keçən həftə edib.
Bundan əlavə, inflyasiya nəzərə alınmaqla hesablanan real faiz dərəcələri inkişaf etməkdə olan ölkələrdə ABŞ-dan yüksəkdir. Bu isə dollarla borclanmanı və inkişaf etməkdə olan bazarlara investisiya yatırmağı daha sərfəli edir.