2025-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 13 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 13 milyon 300 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 9 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (10) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 10 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 4 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.