Çinin “Alibaba” şirkəti bulud platformaları və süni intellekt infrastrukturunun qurulmasına üç il ərzində 380 milyard yuan (təxminən 52 milyard dollar) sərmayə yatıracaq.
“Pengpai” nəşrinin məlumatına görə, bunu şirkətin Baş direktoru U Yunmin deyib. Onun sözlərinə görə, üç il ərzində süni intellekt infrastrukturu üçün nəzərdə tutulan investisiyaların miqyası son on ildə bu sahəyə yatırılan investisiyaların həcmini üstələyir.
Yanvarın sonunda “Alibaba Cloud” (“Alibaba”nın törəmə şirkəti) yeni “Qwen2.5-Max” süni intellekt modelini təqdim edib. Həmin modelin “DeepSeek” sistemindən üstün olduğu iddia edilir.
Qeyd edək ki, Çinin “DeepSeek” şirkəti yanvarın 20-də ABŞ-ın “OpenAI” kompaniyasının “ChatGPT” süni intellekt platformasının qabaqcıl versiyasını üstələdiyini iddia etdiyi çat-botun yeni versiyasını istifadəyə verib.