“Apple” korporasiyası “Apple Intelligence” süni intellekt xidmətini dəstəkləmək üçün Texasda server istehsalı zavodu açacaq. 2026-cı ildə açılması planlaşdırılan yeni fabrik ABŞ iqtisadiyyatına qarşıdakı dörd il ərzində planlaşdırılan 500 milyard dollarlıq investisiyanın bir hissəsi olacaq. Bu müddət ərzində şirkət ölkə üzrə 20 minə yaxın iş yeri yaradacaq.
Şirkətin sərmayəsi süni intellektin, silisium mühəndisliyinin inkişafına, eləcə də bütün ölkə üzrə tələbələrin və işçilərin bacarıqlarının artırılmasına yönəlmiş geniş spektrli təşəbbüsləri dəstəkləyəcək, bəyanatda deyilir. Xüsusilə, “Apple” Amerika istehsalçılarının gələcək nəslini hazırlamaq üçün Miçiqanda akademiya yaradacaq və ölkədə tədqiqat və inkişafa investisiyaları artıracaq.
Açıqlamada deyilir ki, “Apple” hazırda ölkə daxilində 2.9 milyondan çox iş yeri təmin edir. Şirkətdən bildirilib ki, yeni istehsal kompleksinin açılışı minlərlə daha çox iş yerinin yaradılmasına imkan verəcək.
Qeyd edək ki, “iPhone” istehsalçısı məhsullarını harada istehsal edə biləcəyi ilə bağlı Tramp administrasiyasının təzyiqi ilə üz-üzədir. Belə ki, “Apple” cihazlarının böyük hissəsini Çində yığır. Buna baxmayaraq, şirkətin özünün məlumatına görə, o, ABŞ-də ən böyük vergi ödəyicilərindən biri olaraq qalır – son beş ildə korporasiya 75 milyard dollardan çox vergi ödəyib.
“Apple”ın 2025-ci ilin birinci rübü üzrə maliyyə hesabatına görə, şirkətin gəliri illik müqayisədə 4% artaraq 124.3 milyard dollara, xalis mənfəəti isə təxminən 7.1% artaraq 36.33 milyard dollara çatıb. Səhm başına düzəliş edilmiş mənfəət 2.4 dollar olub.