Azərbaycan Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə qoşulur.
Prezident İlham Əliyev ‘“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydası, emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsinin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə uyğunlaşdırılmasını təmin etməlidir.
Nazirlər Kabineti eyni zamanda, bu Sərəncamın 1.1.1-ci yarımbəndində qeyd olunan fəaliyyətin rəqəmsallaşdırılması, emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili, bu Sərəncamın 1.1.1-ci yarımbəndi nəzərə alınmaqla, dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etməli, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin iştirakçıları ilə qarşılıqlı əlaqələrinin qurulmasından irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi (KPCS), qanunsuz yollarla əldə edilən və münaqişələrin maliyyələşdirilməsində istifadə olunan almazların (münaqişə almazlarının) ticarətinin qarşısını almaq məqsədilə yaradılmış beynəlxalq nəzarət mexanizmidir.
Bu sxem 2003-cü ildə tətbiq olunmağa başlayıb və iştirakçı ölkələrin almaz ticarətini yalnız sertifikatlaşdırılmış və qanuni mənbələrdən əldə edilən almazlarla aparmasını təmin edir. KPCS-ə qoşulan ölkələr yalnız sertifikata malik almazların idxalına və ixracına icazə verirlər.
Bu sistemin əsas məqsədi münaqişə almazlarının qanuni bazara daxil olmasının qarşısını almaq və almaz sənayesində şəffaflığı artırmaqdır.