BP 2030-cu ilə qədər bərpa olunan enerji istehsalını 20 dəfə artırmaq planlarını azaldır. “Reuters” məlumatlı mənbələrə istinadən xəbər verir ki, BP-nin baş icraçı direktoru Mürrey Okinkloss bu barədə sabah, fevralın 26-da rəsmi məlumat verəcək.
BP digər şirkətlərlə müqayisədə daha zəif performansından narahat olan investorların təzyiqi altında iddialı planlarına yenidən baxmağa məcburdur. Şirkətin səhmləri son iki il ərzində demək olar ki, dörddə bir qədər ucuzlaşıb. 2024-cü ilin nəticələrinə görə, BP-nin mənfəəti bir il əvvəlki 14 milyard dollardan 8.9 milyard dollara düşüb.
BP-nin baş icraçı direktoru xərcləri 2 milyard dollar azaltmaq və işçi qüvvəsinin 5%-ni ixtisar etmək kimi bir sıra tədbirlər görüb. Bundan əlavə, şirkət 2030-cu ilə qədər neft və qaz hasilatını 40% azaltmaq məqsədini yenidən nəzərdən keçirib. İndi şirkət hasilatı cəmi 25% azaltmağı planlaşdırır. BP-nin həmçinin bəzi aktivləri satmaq və aşağı karbonlu enerji layihələrinə investisiyaları azaltmaq qərarını açıqlayacağı gözlənilir.