Azərbaycanda banklar, BOKT-lər və kredit ittifaqları da daxil olmaqla hesablanan cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz bəndi azalaraq 1.6% təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.
1 fevral 2025-ci il tarixinə olan məlumata əsasən, kredit təşkilatlarının ümumi 29 milyard 325.3 milyon manat kreditlərinin 475.1 milyon manatı vaxtı keçmiş kreditlər hesab edilib.
Bununla belə, vaxtı keçmiş kreditlərin həcminin yanvarda 26 mln. manat artdığı müşahidə edilib. Aylıq müqayisədə isə problemli kreditlərin nisbətinin 1.5 faizdən 1.6 faizə yüksəldiyi qeydə alınıb.
Kredit təşkilatlarının valyutada verdikləri kreditlərdə problemli kreditlərin həcmi 106 mln. manat ekvivalentində olub və bu, ümumi portfelin 2.4%-ni təşkil edib. Keçən ilin müvafiq dövründə bu göstərici 2.3% idi.