“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə təxminən 150-200 milyon dollar zərər dəydiyini açıqlayıb.
O bu barədə “RİA Novosti”yə müsahibəsində bildirib.
“Bu, terror biznes nöqteyi-nəzərindən “Crocus Group”a dağıdıcı təsir göstərdi. Çünki terror hücumundan sonra ərazidəki bütün obyektlərin işi iflic oldu, eləcə də gələnlərin sayı azaldı”, – o bildirib.
E.Ağalarov qeyd edib ki, konsert zalı gəlir gətirən biznes deyil: “Ən yaxşı ilində o, 1 milyon dollar gəlir gətirdi. Bərpa üçün böyük maliyyə resursları, on milyonlarla dollar tələb olunacaq. Ancaq mənbəyi “bugünkü maliyyə reallıqlarında” bəlli deyil. Ona görə də bərpa olunması ilə bağlı hələ qərar verilməyib”.
Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində “Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.