3 C
Baku
Thursday, February 27, 2025

Manatın real məzənnəsi son 10 ilin maksimumuna yüksəlib

2025-ci ilin yanvarında manatın xarici valyutalar səbəti qarşısında ölçülən indeksi real effektiv məzənnə (REM) 126 bəndə yüksəlib. Bu, 2015-ci ilin yanvarından bu tərəfə maksimal göstəricidir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Manatın REM-i 2024-cü ilin dekabrında 125.1, bir öncə isə 121.5 bənd təşkil edirdi. Nominal effektiv məzənnə (NEM)  isə son ayda 109.2 bənddən 110 bəndə qədər yüksəlib. NEM REM ilə fərqlənir. REM inflyasiya fərqini də nəzərə alır, yəni milli və xarici inflyasiya səviyyələrinə əsasən tənzimlənmiş məzənnədir. Buna görə də, NEM yalnız nominal məzənnələrə əsaslandığı üçün ölkənin həqiqi rəqabət qabiliyyətini tam əks etdirməyə bilər.

Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.

Manatın REM-in əsas təkan verən faktor manatın ABŞ dolları ilə nisbətdə sabit məzənnəsidir. ABŞ dolları da son rübdə əsas rəqiblərə qarşı 2024-cü ilin noyabrında yeni prezident seçilən Donald Trampın tarif siyasəti sbəbindən bahalaşıb. ABŞ-nin ticarət tərəfdaşlarına qarşı 10 və25 faizlik tariflər tətbiq edəcəyi Birləşmiş Ştatlarda yeni inflyasiya dalğasının yaranacağı ehtimalını artırır. Yüksələn inflyasiyaya qarşı FED dözümsüz olacaq ki, bu da onun əsas rəqiblərindən fərqli olaraq faqiz endirimi qərarlarını ertələdə bilər. Əsas iqtisadiyyatların mərkəzi bankları arasındakı faiz fərqi kerri treyderləri dollara daha çox meyilləndirir ki, buda dolların bahalaşması üçün əsasdır.

Beləliklə, manatın məzənnəsi ABŞ valyutası ilə fiks olduğu (2017-ci ilin martından 1 dollar 1.7 manatdır) üçün onun REM-nin də artmasına səbəb olur. Yəni bu indekslər qeyd edilən səbəbdən korrelyasiya təşkil edir.

ABŞ dollarının 6 valyuta – avro, yen, funt-sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kronu qarşısında ölçülən indeksi DXY son yarım ildə 101.7 bənddən 108.4 bəndə qalxıb.

Manatın cari indeks 2015-ci ilin fevralında sonuncu dəfə 148.4 bənd təşkil etsə də, həmin ayda baş tutmuş devalvasiyadan sonra REM 124.4 bəndə qədər kəskin eniş yaşamışdı. Son 7 ildə manatın REM-i hətta 90 bənddən də aşağı düşdüyü vaxtlar oldu. Belə ki, 2017-ci ilin avqustunda REM 87.0 bəndə qədər düşmüşdü.

342343

Qeyd edək ki, “The Economist” jurnalına görə, “Big Mac” indeksi Azərbaycanda manatın dəyərinin hələ də aşağı qiymətləndirildiyini göstərir. 2025-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bir “Big Mac” 6.24 manata satıldığı halda, ABŞ-də eyni burgerin qiyməti 5.79 dollar təşkil edir. Bu, manat üçün nəzəri məzənnənin 1.08 olduğunu göstərir. Lakin real məzənnə 1.70 olduğu üçün manatın 36.6% aşağı qiymətləndirildiyi hesab edilir.

Son xəbərlər
Digər xəbərlər