Ticarət məlumatlarına görə, ABŞ prezidenti Donald Trampın strateji kriptovalyuta ehtiyatı yaratmaq niyyəti ilə bağlı yeni açıqlamalarından sonra bitkoinin qiyməti 90 min dolları ötüb. “Binance” birjasının məlumatlarına görə, martın 3-də Bakı vaxtı ilə saat 12:47-də bitkoin 91 818 dollar (+7%) dəyərində olub. “Bloomberg” yazır ki, kriptovalyuta bazarı 2022-ci ildən bəri ən pis ay olan fevraldan sonra itkilərinin bir hissəsini bərpa edib.
Agentlik qeyd edir ki, zirvədə bitkoin 9% artımla 94 000 dollardan yuxarı səviyyəyə çatıb.
Xatırladaq ki, daha əvvəl Donald Tramp “Truth Social” sosial şəbəkəsində ABŞ-nin Kriptovalyuta Ehtiyat Fondunun yaradılması üzərində işə başlamaq barədə göstəriş verdiyi barədə yazıb. “ABŞ-nin kriptovalyuta ehtiyatı Bayden administrasiyasının illərdir həyata keçirdiyi korrupsiya siyasətindən sonra bu kritik sənayeni qaldıracaq, buna görə də rəqəmsal aktivlərə dair sərəncamımla mən XRP, SOL və ADA-nın daxil olduğu kripto-strateji ehtiyatın yaradılmasında irəliləməyə göstəriş verirəm”, – deyə cənab Tramp yazıb.
İlkin bəyanatından bir saat sonra cənab Tramp əlavə edib ki, ehtiyat fonduna “təbii olaraq” Bitcoin, Ethereum və böyük bazar kapitallaşması olan digər kriptovalyutalar da daxil olacaq.