Amerikanın süni intellekt texnologiya şirkəti “Anthropic” 61.5 milyard dollar qiymətləndirmə ilə 3.5 milyard dollar investisiya cəlb edib. Məlumata görə, maliyyə raunduna “Lightspeed Venture Partners” başçılıq edib, digər iştirakçılar arasında “Bessemer Venture Partners”, “Cisco Investments”, “D1 Capital Partners”, “General Catalyst”, “Salesforce Ventures” və başqaları olub.
İnvestisiya sayəsində “Anthropic” gələcək nəsil AI-nin inkişafını sürətləndirməyi, beynəlxalq miqyasda genişlənməyi və hesablama gücünü artırmağı planlaşdırır. 2025-ci ilin fevral ayının sonlarında şirkət “Claude 3.7 Sonnet” süni intellekt modelini təqdim edib. İstifadəçilər onu “proqramlaşdırmada ən yaxşılardan” biri adlandırırlar. Startap bu sahədə həllər hazırlamağı planlaşdırır.
Qeyd edək ki, “Anthropic” 2021-ci ildə “ChatGPT” çat-botunun yaradıcısı olan “OpenAI”nin bir qrup keçmiş işçisi tərəfindən yaradılıb. “WSJ”, “Bloomberg” və “FT”yə görə, “Anthropic” əvvəlcə 60 milyard dollar qiymətləndirmə ilə 2 milyard dollar cəlb etməyi planlaşdırıb. 2024-cü ildə tərtibatçı 18 milyard dollar dəyərində qiymətləndirilib.