8 C
Baku
Tuesday, March 4, 2025

Tramp Çin mallarına rüsumları ikiqat artırıb

ABŞ prezidenti Donald Tramp Çindən gətirilən mallara rüsumları 10%-dən 20%-ə qədər artırıb. O, qərarını Çin hökumətinin sintetik opioidlərin, o cümlədən fentanilin Çindən ABŞ-yə ötürülməsinin qarşısını almaq üçün tədbirlər görməməsi ilə izah edib.

“Bu, ölkənin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə yaradır”, – deyə Tramp yazıb. Ağ Evin rəhbəri həmçinin bildirib ki, Kanada və Meksika üçün tariflər çərşənbə axşamı, martın 4-də qüvvəyə minəcək.

Kanadanın enerji daşıyıcıları istisna olmaqla, iki ölkədən hər il təxminən 1.5 trilyon ABŞ dolları dəyərində olan bütün idxala 25% tariflər tətbiq ediləcək. Xatırladaq ki, prezident fevral ayında Meksika və Kanadaya 25%, Çinə isə 10% rüsum tətbiq edib. Bununla belə, Ottava və Mexiko onları təxirə salmaq barədə ABŞ ilə razılığa gəlib.

Kanada portağal suyu, fıstıq yağı, şərab və qəhvə də daxil olmaqla, təxminən 30 milyard Kanada dolları dəyərində ABŞ ixracına tariflər tətbiq etməklə cavab tədbirləri görməyə hazırlaşır.

Çinin “Global Times” nəşri yazır ki, Pekin ABŞ-dən kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumlar tətbiq etməyi düşünür. Trampın məhdudiyyətlər tətbiq etmək qərarından sonra Çin artıq bir sıra cavab tədbirləri, o cümlədən kömür və mayeləşdirilmiş təbii qaza 15% rüsum tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər