4 C
Baku
Tuesday, March 4, 2025

Niyə Yaponiya və Çinin devalvasiyaya getmə ehtimalı Trampı qıcıqlandırır?

ABŞ Prezidenti Donald Tramp, Yaponiyanın və Çinin liderlərinə öz valyutalarının dəyərini aşağı salmağa davam edə bilməyəcəklərini bildirdiyini deyib. O hesab edir ki, bu, ABŞ üçün ədalətsiz olar.

Banker.az xəbər verir ki, Trampın Meksika və Kanadadan idxal olunan mallara tətbiq etdiyi 25%-lik yeni tariflər çərşənbə axşamı qüvvəyə mindiyindən bu bəyanatlar bazarlarda narahatlığa səbəb olub. Bununla yanaşı, Çin mallarına tətbiq edilən rüsumlar 20%-ə qədər artırılıb və qlobal ticarət gərginliyi yenidən alovlandırıb.

Vaşinqtonun valyuta və tarif siyasəti ilə bağlı qeyri-müəyyənliklər Yaponiyanın ixracata əsaslanan iqtisadiyyatına risk yaradır. Trampın bəyanatları nəticəsində Nikkei indeksi çərşənbə axşamı təxminən 2% geriləyib və yenin məzənnəsi yüksəlib. Yen qısa müddətə dollar qarşısında 148.60-a qalxaraq, bazar ertəsi günü 150 səviyyəsindən irəliləmişdi.

“Prezident Si ilə danışdım, Yaponiyanın liderləri ilə danışdım və onlara dedim ki, siz valyutanızı aşağı salmağa davam edə bilməzsiniz,” – Tramp bazar ertəsi Ağ Evdə çıxışı zamanı bildirdi.

“Ola bilməz, çünki bu, bizə qarşı ədalətsizlikdir. Bizim burada traktorlar, “Caterpillar” istehsal etməyimiz çətindir, çünki Yaponiya, Çin və digər yerlər valyutalarını zəiflədir, yəni dəyərini aşağı salır,” – o əlavə etdi.

Tramp vurğuladı ki, ABŞ bu cür cəhdlərdən şikayətlənmək əvəzinə, öz istehsalçılarının itkilərini kompensasiya etmək üçün tariflər tətbiq edə bilər.

“Bu amillər bir yerə toplanır” –  deyə, Tramp bildirib. “Və bunu həll etməyin ən asan yolu tariflərdir.”

YAPONİYA BANKI DİQQƏT MƏRKƏZİNDƏ…

Yaponiyanın Maliyyə naziri Katsuonobu Kato Trampın şərhləri ilə bağlı açıqlama verərək, Tokio hökumətinin yəni zəiflətməyə yönəlmiş siyasət aparmadığını bildirib.

“Yaponiya G7 ölkələri və ABŞ ilə valyuta siyasəti üzrə əsas mövqeyini təsdiqləyib,” – Kato çərşənbə axşamı Tokioda keçirilən mətbuat konfransında qeyd etdi. O, həmçinin ABŞ Maliyyə naziri Skott Bessent ilə yanvarın 29-da keçirilən ikitərəfli danışıqlara istinad etdi.

Baş nazir Şigeru İşiba da parlamentdə çıxışı zamanı Yaponiya hökumətinin “valyutanın dəyərsizləşmə siyasəti” yürütmədiyini və Trampdan məzənnə siyasəti ilə bağlı hər hansı bir telefon zəngi almadığını bildirdi.

Trampın ilk prezidentliyi dövründə Yaponiya və Çin zəifləyən valyutalarına görə tənqid olunmuşdu. ABŞ və Çin arasında qarşılıqlı tarif tətbiqləri nəticəsində Çin yuanı 2018-ci ilin martı ilə 2020-ci ilin mayı arasında dollara qarşı 12%-dən çox ucuzlaşmışdı.

Son dövrlərdə Çin valyutasının sabitliyini qorumağa çalışır. Çin yuanı çərşənbə axşamı dollar qarşısında möhkəmlənməyə davam dib və analitiklər bunu Vaşinqtonla gərginliyi azaltmağa yönəlmiş addım kimi qiymətləndirib.

“Çin və Yaponiya valyutalarını ucuz saxlamağa çalışmır, əksinə əksini edirlər” – deyə, Sinqapur “DBS” bankının valyuta və kredit strateqi Çanq Vey Lianq qeyd edib.

“Biz Çin və Yaponiyanı ABŞ-la eyni mövqedə görürük – yəni həddindən artıq zəif yuan və yen istəmirlər.”

Yaponiyanın siyasətçiləri Trampın yendən açıq şəkildə danışmasının bazar volatilliyini artıracağından və iqtisadi dirçəlişə zərər vuracağından ehtiyat edirlər.

 

Zəif yen Yaponiya ixracatına dəstək versə də, Tokio son dövrlərdə valyuta bazarına intervensiya edərək, yendə kəskin ucuzlaşmaların qarşısını almağa çalışır. Bu cür ucuzlaşmalar idxal xərclərini artıraraq istehlakı azalda bilər.

Keçən həftə Yaponiyanın baş valyuta diplomatı Atsuşi Mimura yendəki son möhkəmlənmənin ölkənin güclü iqtisadi əsaslarına və Yaponiya Mərkəzi Bankının (BOJ) yaxın zamanda faiz artırma ehtimalına əsaslandığını bildirdi.

Yaponiya G7 və G20 ölkələrini daim valyuta bazarındakı həddindən artıq volatilliyin arzuolunmaz olduğunu təsdiqləməyə inandırır – Tokio bu ifadəni bazara müdaxilə üçün əsas kimi görür.

Trampın zəif yenlə bağlı tənqidi və tarif təhdidlərinin qlobal iqtisadi artıma necə təsir edəcəyi ilə bağlı qeyri-müəyyənlik BOJ-un faiz artırma qərarını çətinləşdirə bilər.

Bəzi analitiklər Trampın zəif yenə qarşı narazılığının BOJ-un faiz dərəcələrini daha da artırmasına səbəb ola biləcəyini düşünür.

“Yaponiya indiki yen səviyyələrində dollar sataraq yen alma müdaxiləsi edə bilməz, buna görə də BOJ-un faiz artırması üçün təzyiq artacaq,” – Avstraliyanın “ANZ” bankının Yaponiya üzrə foreks və əmtəə satışları direktoru Hiroyuki Maçida Reuters agentliyinə bildirib.

“Trampın bəyanatları investorlar üçün yendə mövqe tutmaq üçün bir səbəb yaradır, çünki BOJ-un bu il iki dəfə faiz artıracağını düşünürlər.”

Yaponiya Mərkəzi Bankı keçən il onilliklərdir davam edən kütləvi stimullaşdırmanı dayandırıb və ölkənin uzunmüddətli deflyasiya və iqtisadi durğunluqdan çıxmaq üzrə olduğuna inandığını bildirdi.

İnflyasiya artıq üç ildir ki, BOJ-un 2%-lik hədəfini üstələyir. Yanvar ayında faiz dərəcələrinin 0.5%-ə qaldırılmasından sonra BOJ-un gələcəkdə daha da faiz artırması gözlənilir.

Reuters-in keçirdiyi sorğuya əsasən, iqtisadçıların əksəriyyəti BOJ-un bu il daha bir dəfə, böyük ehtimalla üçüncü rübdə, faizləri 0.75%-ə qaldıracağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər