8 C
Baku
Thursday, March 6, 2025

BP: Qazaxıstan nefti ilə qarışdırılması “Azeri Light”ın keyfiyyətinə təsir göstərmir

Qazaxıstan neftinin “Azeri Light” markalı neftlə qarışdırılması Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunan qarışığın keyfiyyətinə təsir göstərmir.

Bu barədə “BP-Azerbaijan”ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

“BTC neft kəmərinin istismara verildiyi vaxtdan bu boru kəmərinə daxil olan neftlə bağlı ciddi tələblər qoyulub. Yalnız müəyyən edilmiş spesifikasiyalara uyğun xammal nəql oluna bilər. Çünki qarışığın qiyməti “Azeri Light”ın xüsusiyyətləri əsasında formalaşır”, – o, jurnalistlərə bildirib.

T.Bayatlı xatırladıb ki, BTC vasitəsilə ACG nefti ilə yanaşı, “Şahdəniz” kondensatı, Azərbaycanın digər yataqlarından hasil edilən neft, həmçinin Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

“Kənar xammal BTC-yə yalnız “Azeri Light”ın keyfiyyətinə təsir etməyən həcmlərdə qəbul edilir”, – o əlavə edib.

O qeyd edib ki, gələcəkdə Qazaxıstandan tədarükün həcmi əhəmiyyətli dərəcədə artacağı halda alternativ marşrutlardan istifadə zəruri ola bilər. “Qazaxıstan tərəfi bu məsələni Azərbaycan hökuməti və SOCAR ilə həll etməli olacaq”, – T.Bayatlı bildirib.

BTC-nin uzunluğu 1 768 km, ötürmə qabiliyyəti illik 50 milyon tondan çox neft təşkil edir.

2024-cü ildə BTC boru kəməri ilə 29 milyon 470,9 min ton neft (- 2,4 %) nəql edilib. Bu həcmin 82 %-i və ya 24 milyon 172,5 min tonu Azərbaycan neftinin payına düşüb (- 3,1 %). Qazaxıstan və Türkmənistandan tranzit neftin payı isə 18 % və ya 5 milyon 298,4 min ton (+ 1,1 %) təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər