Qısa müddətdə Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə illik tranzit həcmi 2 milyon tona çatacaq.
Bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “The Astana Times” nəşrinə müsahibəsində bildirib.
“Son illər bu sahədə davamlı artım müşahidə edirik. Son razılaşmalara əsasən Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzit həcminin tədricən artırılması planlaşdırılır. Bu sahədə əməkdaşlıq genişlənir. Bu isə Kaşağan yatağından ilk neft partiyasının Bakıya göndərilməsi (2025-ci ilin yanvarında) ilə təsdiqlənir. Proqnozlara görə, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit həcmi ildə 2 milyon ton təşkil edəcək”, – diplomat bildirib.
Səfir qeyd edib ki, Azərbaycan və Qazaxıstan, həmçinin yeni gəmilərin, tankerlərin və digər texnikanın alınması da daxil olmaqla, nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üzərində işləyir.
Ümumilikdə, onun sözlərinə görə, enerji əməkdaşlığı Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin təməl daşıdır.
Diplomat əlavə edib ki, Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropa bazarlarına elektrik enerjisinin ixracı regional əməkdaşlıq gündəliyində əsas prioritetə çevrilib. Buna kömək üçün Xəzər dənizinin dibi ilə yüksəkvoltlu elektrik kabeli çəkiləcək ki, bu da regionlar arasında yeni infrastruktur əlaqəsi yaradacaq.
“Təşəbbüs bərpa olunan mənbələrə keçid üzrə qlobal səylərə uyğun olaraq Avropa bazarlarına təmiz enerji təchizatı üçün etibarlı dəhlizin yaradılmasına yönəlib”, – o vurğulayıb.