“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın sərvəti ilin əvvəlindən bəri 100 milyard dollardan çox azalıb. Media və birja analitiklərinin fikrincə, “Tesla” və milyarderin sahib olduğu bir sıra digər şirkətlərin səhmlərinin ucuzlaşması səbəbindən Maskın sərvəti 330 milyard dollar olaraq qiymətləndirilir ki, bu da ilin əvvəli ilə müqayisədə 102 milyard azdır.
Analitiklər qeyd edirlər ki, son aylarda Amerika fond indeksləri aşağı düşür və bu, bir sıra iri şirkətlərin qiymətlərinin aşağı düşməsinə, bəzi amerikalı milyarderlərin sərvətinin azalmasına gətirib çıxarıb. Məsələn, “Oracle”ın qurucusu və ortaq sahibi Larri Ellisonun sərvəti ilin əvvəlindən 19 milyard dollar, “Amazon”un qurucusu Ceff Bezosun sərvəti isə 17 milyard dollar azalıb.
İlon Maska gəlincə, “Tesla” və “SpaceX”in səhmlərinin ucuzlaşması həm də onun Donald Tramp administrasiyasındakı qərarları ilə bağlıdır. ABŞ və Avropada İlon Maskın hərəkətlərinə etirazlar başlayıb və bir sıra ölkələrdə “Tesla” satışları nəzərəçarpacaq dərəcədə azalıb.