Bu il ərzində “Caucasus Ventures” Fondu tərəfindən 25 startapa təxminən 1,5 milyon ABŞ dolları məbləğində investisiya yatırılması planlaşdırılır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda vençur investisiyaları istiqaməti nisbətən yeni olmasına baxmayaraq, yerli ekosistemin inkişafı üçün bu sahənin əhəmiyyəti durmadan artır: “İnnovasiya ekosistemi bizim yanaşmamızda beş fundamental prinsip üzərində qurulur: infrastruktur, insan kapitalı, maliyyə əlçatanlığı, bazar çıxışı və innovasiya mədəniyyətinin formalaşması. Bütün bu komponentlər sağlam ekosistemin formalaşmasını və mütəşəkkil fəaliyyətini təmin edir”.
O vurğulayıb ki, hazırda ölkə üzrə təxminən 230-dan bir az çox startap mövcuddur ki, bunların da yarısı investisiya mərhələsinə çatıb: “Vençur vasitəsilə maliyyə əlçatanlığına gəlincə, innovasiya və rəqəmsallaşma sahəsində ölkə gündəminin dəstəyi ilə formalaşdırılan “Caucasus Venture” Fondunun idarə etdiyi aktivlər hazırda 6,6 milyon ABŞ dolları təşkil edir. 2024-cü il ərzində “Caucasus Ventures” Fondu tərəfindən 25 startapa təxminən 1,5 milyon ABŞ dolları məbləğində investisiya yatırılması planlaşdırılır”.