Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbədənkənar valyuta hərracı keçirir. Hərracda AMB tərəfindən kommersiya banklarına valyuta satışı həyata keçirməsi nəzərdə tutulub.
Xatırladaq ki, bu həftə ərzində (aprelin 3-də və 5-də) AMB alışyönümlü iki hərrac keçirib və nəticədə ümumilikdə yalnız 0,4 mln. dollar həcmində valyuta ala bilib.
Qeyd edək ki, AMB-nin müntəzəm valyuta hərracları həftənin tək günləri keçirildiyi halda, tənzimləyici bu gün növbədənkənar hərrac keçirmək qərarına gəlib və bu, bazar iştirakçıları üçün gözlənilməz olub.
Yerli analitik qrupu “Report” hesab edir ki, AMB bu gün də hərracın keçirilməsi ilə bağlı qərarı onun valyuta bazarının tənzimlənməsində israrlı olduğunu göstərir: “Çünki aprelin 3-də Mərkəzi Bank ilk dəfə olaraq alış hərracı qərarı verdikdən sonra kommersiya banklarında 1,45 AZN/USD-yə qədər enən alış məzənnəsi elə həmin gün 1,56 AZN/USD-yə yüksəlib. Bu gün keçiriləcək satış hərracı isə məzənnənin sabitləşməsinə gətirib çıxaracaq”.
Xatırladaq ki, AMB-nin bu günə rəsmi məzənnəsi 1,5193 AZN/USD təşkil edir.