“Reuters” mənbələrə istinadən xəbər verir ki, Rusiya Qərbin sanksiyalarından yan keçmək üçün Çin və Hindistanla neft ticarətində kriptovalyutalardan istifadə edir. Agentliyin mənbələri qeyd edirlər ki, tendensiya geniş yayılmayıb, lakin getdikcə artır.
“Reuters” xəbər verir ki, bəzi Rusiya neft şirkətləri Çin yuanı və Hindistan rupisinin rus rubluna çevrilməsi prosesini sadələşdirmək üçün “Bitcoin”, “Ethereum” və “Tether” kimi steyblkoinlərdən istifadə edir. Bir mənbəyə görə, rus neft treyderinin Çində həyata keçirdiyi kriptovalyuta əməliyyatlarının həcmi “ayda on milyonlarla dollar” təşkil edir.
“Reuters” yazır ki, kriptovalyutalar İran və Venesuela da daxil olmaqla, ABŞ-ın sanksiyaları altında olan ölkələrə dollardan qaçaraq öz iqtisadiyyatlarını dəstəkləməyə dəfələrlə kömək edib. Agentliyin mənbələrinə görə, Venesuela neft və yanacaq ixracında rəqəmsal valyutadan istifadəni artırdıqdan sonra Rusiya şirkətləri bu addımı atmağa qərar verib.
Agentliyin həmsöhbətlərindən biri təklif edir ki, Rusiya sanksiyalar aradan qaldırıldıqdan sonra belə kriptovalyutaların istifadəsindən imtina etməyəcək, çünki belə əməliyyatlar daha sürətli həyata keçirilir. Eyni zamanda, Rusiya ödənişlərinin əksəriyyəti hələ də ənənəvi valyutalarda aparılır.
2024-cü ilin avqustunda prezident Vladimir Putin kriptovalyuta bazarını tənzimləməyə yönəlmiş iki qanun imzalayıb. Birinci sənəd kriptovalyuta mədənçilik fəaliyyətini qanuniləşdirib, ikincisi isə transsərhəd hesablaşmalara və kriptovalyuta ilə birja ticarətinə icazə verib. Rusiya Mərkəzi Bankı kriptovalyutanı ödəniş vasitəsi kimi qəbul etmədiyini dəfələrlə vurğulayıb.