Bu günə qədər TANAP-la nəql edilmiş Azərbaycan qazının həcmi açıqlanıb

İstismara verildiyi gündən bu ilin martın 1-nə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 76,1 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında bildirilib.

Məlumata görə, bu dövr ərzində nəql edilən qazın 44,4 milyard kubmetri Avropaya, 31,7 milyard kubmetri isə Türkiyəyə nəql edilib.

Xatırladaq ki, bu gün Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin növbəti təzahürü olan TANAP boru kəmərinin təməlqoyma mərasiminin 10-cu ildönümüdür. Regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdıran, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi olan Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentini təşkil edən TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfələr verir.

Qeyd edək ki, TANAP Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı ən uğurlu enerji layihələrindən biridir. TANAP Türkiyə-Gürcüstan sərhədində Ərdəhan bölgəsindən başlayaraq, 20 şəhər, 69 rayon və 604 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində – Ədirnənin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edən Trans-Adriatik qaz boru məmərinə (TAP) birləşir.