Qısa satış üzrə ixtisaslaşmış hedcinq fondları “Tesla”nın səhmlərindəki eniş sayəsində son aylarda 16.2 milyard dollar qazanıb, bu barədə “Financial Times” (FT) “S3 Partners” xidmətinin məlumatlarına istinadən yazır. Şirkətin səhmlərinin qiyməti son üç ayda 488 dollardan 245 dollara qədər yarıbayarı azalıb. Nəticədə, “Tesla”nın bazar kapitallaşması təxminən 700 milyard dollar, qurucusu İlon Maskın sərvəti isə 100 milyard dollar düşüb.
Analitiklər “Tesla” səhmlərinin düşməsini ilk növbədə ictimaiyyətin və investorların cənab Maskın hərəkətlərinə və açıqlamalarına reaksiyası ilə əlaqələndirirlər. Belə ki, çoxları onun ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri kimi fəaliyyətini, mübahisəli siyasi bəyanatlarını və ifrat sağçı simvollardan istifadə etməsini tənqid edir.
Martın 12-də “JP Morgan” bankı “Tesla” səhmləri üçün ilin sonu qiymət hədəfini 135 dollardan 120 dollara endirib və qeyd edibki, avtomobil sənayesi tarixində bir markanın bu qədər tez dəyərini itirdiyi oxşar nümunəni düşünmək çətindir.