“İnvest-AZ İnvestisiya Şirkəti” QSC (İnvestAZ) 2024-cü ili 2.29 mln. manat həcmində xalis mənfəət əldə edib. Halbuki, bu 2023-cü ildə 2.39 mln. manat təşkil etmişdi.
Banker.az xəbər verir ki, bu barədə investisiya şirkətinin illik audit hesabatında qeyd edilir.
“İnvestAZ” hesabat müddətində 14.56 mln. manat gəlir əldə etməklə, 2023-cü ildəki nəticəni 14 faiz üstələyib. Bunun da 13.32 mln. manat marja ticarətindən xalis gəlirlər təşkil edib. Şirkətin digər 1.15 mln. manatı onun broker xidməti üzrə əməliyyatlardan olub.
Şirkət hesabat müddətində 10.11 mln. manat inzibati və digər xərclər təşkil edib ki, bu da icarə haqqı və əmək haqlarını əhatə edir.
“İnvestAZ”ın daha bir uğurlu göstəricisi onun aktivlərinin keçən il 28 faiz artaraq 43.68 mln. manata yüksəlməsidir. Şirkətin “kassasında”kı 26.61 mln. manatlıq (2023: 15.67 mln. manat) pul vəsaiti onun aktivlərinin artımına əsas dəstək verən amildir.
Müştərilərin şirkətdəki vəsaitləri son bir ildə 10.7 mln. manatdan 19.33 mln. manata yüksəlib. Ümumilikdə investisiya şirkətinin 35.31 mln. manat cəmi öhdəliyi və 8.37 mln. manat kapitalı olub.