Komoya fotoqrafla birgə gecəyə yaxın gəlib çıxdıq. İtaliyaya səyahət çərçivəsində Milanda keçirilən “Ekspo-2015” sərgisinə baş çəkmişdik. Bundan sonra iltifatlı yerli turizm şirkəti bizi Komoya dəvət etdi. Komo Alp dağlarının ətəklərində, İsveçrə ilə sərhəddəki eyniadlı gölün cənub-qərb qurtaracağındakı mənzərəli ərazidə yerləşir.
Biz kəsalət basmış əyalət şəhəri ilə qarşılaşacağımızı düşünürdük, demə, İtaliya ipək sənayesinin mərkəzinə gəlib çıxmışdıq. Bu şəhərdə həyat ehtiras, intriqa və gözlənilməz kəşflərlə coşub-daşır. Məhz burada dünyanın ən yaxşı dizaynerləri ipəkdən olan kolleksiyalarını sifariş verir, gölün kənarına isə Silvio Berluskoni və Səudiyyə Ərəbistanı kralından tutmuş Corc Kluni və Çelentanoya qədər neçə-neçə məşhur adamın mülkləri səpələnib. Böyük Plini və Alessandro Volta, Bellini və Ferents List kimi dühalar da Komoda yaşayıb yaradıblar. Hər bir ad – əfsanə, hər bir ev – tarixdir!
Bundan başqa, Komoda ecazkar təbiət, yumşaq iqlim və xeyirxah insanlar var. Milandan bura qırx dəqiqəlik yoldur. Odur ki, alış-veriş üçün istənilən vaxt Milana getmək olar. İsveçrənin dağ xizək kurortları da eyni uzaqlıqda yerləşir.
Tərs komasklar və sirli aşxana
Söhbəti bir qədər coğrafiya və tarixlə başlayaq. Ərazi baxımından Komo əyaləti Lombardiya regionunda yerləşir. Bu regionun paytaxtı Milandır – İtaliyanın şimalında ən böyük şəhər. Ta qədimdən Komo milanlıların və ətraf şəhər sakinlərinin sevimli istirahət məkanı sayılır. Milandan Komoya olan məsafə vur-tur 43 kilometrdir, bu yolu həm qatarla, həm də müasir avtostrada ilə avtomobillə qət etmək olar.
Komonun əsas diqqətəlayiq yeri, sözsüz ki, böyük göldür. Onun uzunluğu 47 kilometr, eni təxminən 4 kilometr, dərinliyi 410 metrə qədərdir. Ölçüsünə görə İtaliyada sayca üçüncü olan Komo gölü Avropada ən dərin su hözvəsidir. Gölün mənzərəli sahilləri boyu çoxsaylı şəhərciklər və yaşayış məntəqələri boy atır. Onların arasında ən böyüyü eyniadlı əyalətin inzibati mərkəzi olan Komo şəhəridir.
Üç qoldan ibarət göl, yüksəklikdən baxdıqda, qaçan adama bənzəyir, bu da özü-özlüyündə rəmzi məna daşıyır. Bu gün minlərlə turist yaşıllıqla əhatələnmiş, dünya sərgisinin keçirildiyi dövrdə “Ekspo bağları” adı alan Komonun gözəl mənzərələrdən həzz almağa tələsir. Antik dövrlərdə burada Böyük Plini və Kiçik Plininin malikanələri vardı, bizim dövrdəsə gölün sahilləri dövlət və hökumət başçıları, biznesmenlər və dünyaca tanınan ulduzların sevimli yeri olub.
Amma komaskların (Komo sakinləri özlərini belə adlandırır) tarixən qonşularla mürəkkəb münasibətləri olub. Roma respublikasının tərkibinə qədim Komo şəhəri e.ə. 193-cü ildə daxil olub, sonralar isə Yuli Sezarın göstərişi ilə indiki yerinə köçürülüb. XI əsrdən şəhər sakinləri Komonun idarəçiliyini öz əllərinə alıb. 1018-ci ildən 1318-ci ilədək komasklar onları sıxışdıran milanlılarla inadlı mübarizə aparıblar. Komo tarixinin ən maraqlı səhifəsi də məhz buradan başlayır.
1162-ci ildə göldəki yeganə Komaçina adasının sakinləri də komasklarla rəqabət aparırdı. Onlar Milanın müttəfiqinə çevrildi. Komasklar Müqəddəs Roma imperiyasının hökmdarı Fridrix Barbarossaya kömək üçün müraciət ediblər. Nəticədə, komasklar Milan üzərində qələbə qazanıb. Bundan sonra komasklar qisas naminə Komaçino adasına soxulub və bütün əhalini – 3 min nəfəri qılıncdan keçirib, Komo yepiskopu isə adanı lənətləyib. O zamanlardan bu bambalaca – uzunluğu bir və eni bir yarım kilometr olan adada heç kim yaşamır. Sonralar ada bir sahibindən digərinin əlinə keçib, onlardan bəziləri müəmmalı şəkildə həlak olub.
Ötən əsrin ortalarında Komaçino adasında “Locanda dell`lsola Comacina” aşxanası açılıb. Onun menyusunda həmişə eyni yeməklər təklif olunur. Süfrə gündə yalnız iki dəfə açılır və naharın qiyməti adambaşı 70 avrodur. Aşxananın müştəriləri arasında fotoları interyeri bəzəyən çoxlu məşhur sima var. Hər bir süfrə açımından sonra aşxana sahibi özünəməxsus od ayinini yerinə yetirir ki, müştərilərə əsrlər öncə deyilən lənətdən nicat versin.
Bu, Komo gölünün çoxsaylı sirlərindən yalnız biridir.
Plininin gözlənilməzlikləri və Voltanın vətəni
Hazırda Komo şəhərinin əhalisi 80 min nəfərdir və burada kiçik rusdilli icma var. Rübdə bir dəfə rus dilində “Ozero Komo” adlı jurnal nəşr edilir, jurnalın baş redaktoru Tatyana Rıkun bizə şəhər və ətraf yerləri göstərəcək bələdçi olmağa lütfkarlıqla razı oldu.
Ekskursiyamızı Kavur meydanından başladıq. Bu meydanda qonaq qaldığımız əla 4 ulduzlu “Barchetta Excelsior” oteli yerləşir. Onun balkonundan Komo gölünə, gölü əhatə edən lacivərd dağlara və sərnişin bərələrinin yan aldığı mərkəzi körpüyə ecazkar mənzərə açılır.
Otelin lap yanında şəhərin baş məbədi – Santa-Mariya–Assunta kilsəsi yerləşir. Təməli 1396-cı ildə qoyulan baş kilsənin inşası üç yüz əlli il sonra, 1770-ci ildə bitib. Bütövlükdə, ağ mərmərlə üzlüklənən tikilinin üslubunu qotika ilə renessansın qatışığı kimi səciyyələndirmək olar. Maraqlıdır ki, baş kilsənin fasadını əslən komolu olan, “Təbii tarix”in müəllifi və Vezuvi vulkanının püskürməsi zamanı həlak olmuş Böyük Plininin və oğulluğu Kiçik Plininin heykəlləri bəzəyir. Roma Papası bundan xəbər tutaraq bütpərəst heykəllərin katolik kilsəsinin divarlarından götürməyi əmr edib, lakin komasklar sinələrini gərərək həmyerlilərinin müdafiəsinə qalxıb və onlar üçün əziz olan bu abidələri qoruyublar.
Baş kilsə ilə yan-yana keçmiş ratuşanın (1215-1435-ci illər) memarlıq baxımından gözəl binası durur. Bir vaxtlar binanın eyvanından şəhər bələdiyyəsinin mühüm qərarları elan olunurdu. Elə buradaca, yaxınlıqda XIX əsrin əvvəllərində neoklassisizm üslubunda tikilən sosial teatrın binası yerləşir.
Lakin dünya əhəmiyyətli həqiqi şedevr Komodakı Kasa-del-Faşiodur. Bu, rasionalizm üslubunda dünyada ilk olan, layihəsi memar Cüzeppe Terraniyə – daha bir komoluya məxsus binadır. Kasa-del-Faşioya baxdıqda inanmaq olmur ki, o, uzaq 1932-1936-cı illərdə inşa olunub. Müasir memarlığın əsasını təşkil edən pəncərə və lakonik cizgilər çox aktual görünür. Təəssüf ki, Terraninin yaradıcılığı Mussolininin faşist rejimi dönəminə təsadüf edib və Kasa-del-Faşio (hərfi mənada “faşizm evi” deməkdir) milliyyətçi partiyanın ofisi olub. Bununla bərabər, Komoda bu dahi memarın daha bir neçə novator tikilisi qalmaqdadır: Birinci Dünya müharibəsi qəhrəmanlarına abidə, “Novokomum” evi, Sant Elia uşaq bağçası. Sonuncu tikili indiyədək özünün birbaşa təyinatı üzrə istifadə edilir.
Daha sonra biz Vittorio Emanuele küçəsi ilə keçib getdik. Bura Komo sakinləri və turistlərin sevimli alış-veriş yeridir. Vittorio Emanuele küçəsindən keçib eyniadlı meydanda yerləşən San Fedele kilsəsinə gəlib çıxdıq. Bu meydan ta Roma imperiyası dövründən şəhərin qəlbi sayılır. Əvvəllər burada mərkəzi buğda bazarı yerləşib. Dəbdəbəli sarayları, bər-bəzəkli küçələri arxada qoyaraq bir də gördük ki, şəhərin qədim darvazaları önünə – La Porte Torreyə gəlib çıxmışıq.
Piyada gəzintimizin marşrutu geniş Alessandro Volta meydanında bitdi. 1834-cü ildən burada dahi alim-ixtiraçıya abidə ucalır. Əlbəttə, gümanınız sizi aldatmır, o da əslən Komodandır. Bu il elektrik haqqında təlimin banilərindən biri olan Voltanın anadan olmasının 270 illiyi tamam olub. Komasklar öz həmyerliləri ilə çox fəxr edirlər. Elektrik gərginliyi vahidi Alessandro Voltanın adını daşıyır. Şəhərdə Alessandro Voltanın muzeyi fəaliyyət göstərir. Bu muzeyi məbəd də adlandırılar və lap bu yaxınlarda, 2015-ci ilin oktyabrında Voltanın şərəfinə daha bir abidə ucaldılıb – 27 tonluq “Life Electric” avanqard instalyasiyası. O düz göldə quraşdırılıb. Kompozisiyanın müəllifi tanınmış amerikalı dekonstruktivist Daniel Libeskinddir. O, bəşərin xidmətinə verilmiş elektrikin rəmzi kimi “volt qövsü”nü metalda təcəssüm etdirib.
Bellininin ehtirasları və Versaçe villası
Venetsiyadakı kimi, Komonun daha gözəl mənzərələri seyrçiyə gölün içindən açılır, buna görə də ən populyar ekskursiya variantı bərədə gəzintidir. Təxminən bir saata şəhərin bütün tarixi hissəsini gəzib dolaşaraq biz ilkin mövqeyə – Kavur meydanına qayıtdıq. Burada Komodan Bellaco şəhərciyinə müntəzəm reyslər edən sərnişin bərəsinə bilet aldıq.
Bərə biletinin qiyməti (bir tərəfə) adambaşı 10 avrodur. İki göyərtəli rahat gəmi elə bil əyri-üyrü xətlə hərəkət edir və Bellacoya çatanadək yolüstü gölün hər iki sahilində yerləşən daha bir neçə şəhərciyin körpülərinə yan alır. Bütün marşrut təxminən 2 saat vaxt aparır. Bu müddətdə açıq göyərtədə, yaxud bar piştaxtası arxasında oturub qəhvə içə-içə sahilyanı kəndlərin ecazkar mənzərəsini seyr edə bilərsiniz.
Məsələn, Villa d`Este – gölün cənub-qərbində, Çernobbio şəhərciyində yerləşən əfsanəvi otel XVI əsrdə inşa olunub və əvvəllər kardinal Tolomeo Qallionun üçüncü iqamətgahı olub. 1873-cü ildən burada dəbdəbəli otel fəaliyyətə başlayıb. Müxtəlif vaxtlarda Belçika kralı Leopold, Hollandiya kraliçası Beatriks, Cüzeppe Verdi, Alfred Hiçkok, Pol Makkartni, Arnold Şvartsnegger və İv Sen-Loran bu otelin qonağı olublar.
Elə burada, keçmiş Santa-Mariya Assunta di Çernobbio monastırının yerində (onun haqqında ilk qeydlər XV əsrə aiddir) daha bir məşhur malikanə – Villa Erba yerləşir. Onu inşa edən əczaçılıq maqnatı Luici Erbadır, sonradan malikanə onun xələflərinə qalıb, onlardan biri məşhur rejissor Lukino Viskontidir. 2004-cü ildə isə bu villa “Ouşenin on iki dostu” filmi üçün çəkiliş meydançası olub. Bu gün Villa Erbada müxtəlif tədbirlər və sərgilər keçirilir, həmin vaxt villanın qapıları turistlərin üzünə bağlı olur.
Gölün şərq hissəsində, Blevio şəhərciyində 1850-ci ildə Puşkin və Lermontovun dostu knyaz Aleksandr Trubetskoyun sifarişi ilə inşa edilən villanı görmək olar. Deyilənə görə, knyaz məşhur balerina Mariya Talyoneyə aşiq imiş, yaxınlıqda yerləşən villa da bu xanımındır. Amma qadının sevgisini qazana bilməyən knyaz Trubetskoy sonda balerinanın qızı ilə evlənib. Qrafinya Mariya Yevgeniya Jilber de Vuazen ərindən 22 yaş kiçik olub. Amma Aleksandr Trubetskoy qismətindən şikayətçi olmayıb. Bu xoşbəxt cütlüyün beş övladı dünyaya gəlib. Bu gün villanın sahibi “Apple“ korporasiyasının rəhbəri Tim Kukdur.
Blevioda daha bir məşhur villa yerləşir – La-Roda. Bu malikanə bəstəkar Bellininin ilham pərisi olan opera müğənnisi Cuditta Pastaya məxsusdur. Bellini ona ifası çox çətin olan soprano üçün italyan ariyasını – “Norma” operasından “Casta Diva”nı bəstələyib. Vinçentso Bellininin özü tez-tez Passalakva villasının qonağı olub. Bu malikanə gölün əks tərəfində, Moltrazio şəhərciyində yerləşir. Deyilənə görə, müğənni gecələr şam yandırıb üzü gölə olan pəncərəyə qoyar, bununla da Belliniyə işarə göndərirmiş ki, evdədir. Onda Bellini La-Roda villasına qədər gölü üzüb keçərmiş ki, Cuditta ilə görüşə bilsin. Onların hər biri tez-tez öz villalarında musiqi ilə məşğul olub: Bellini fortepianoda müşayiət edər, Pasta isə qarşı tərəfdəki malikanəsində oxuyarmış. Sakit axşamlarda musiqi Komo vadisində əks-səda verərmiş. Bu gün Pastanın villası “Casta Diva” otelinə çevrilib.
Bleviodan bir qədər uzaqda, Torno şəhərciyində Silvio Berluskoni və Səudiyyə Ərəbistanı kralının villalarını görmək mümkündür. Amma Tornonun ən məşhur daşınmaz əmlakı Villa Plinianadır. O, 1573-cü ildə Komo qubernatoru qraf Covanni Anquissola üçün Kiçik Plini evinin xarabalıqları üzərində tikilib. İnşanın bitdiyi andan villa sirlə əhatələnib. Buna səbəb malikanənin sərt görünüşü, tənha buxtada, 80 metrlik şəlaləli meşənin əhatəsində yerləşməsidir. Şayiələr dolaşır ki, bu şəlalə sirli şəkildə yoxa çıxır və yenidən peyda olur. Villanın sahibi, Parma hersoqu Pyer Luici Farnezenin qatili Covanni Anquissola düşmənlərini dərəyə atdırırmış. Deyilənə görə, əsrlərdir villada kabuslar dolaşır. Hərçənd bu yaxınlarda malikanədə bərpa işləri aparılıb və bura tədbirlərin keçirilməsi və qonaqların yerləşdirilməsi üçün istifadə olunur.
Komo gölündə ən bahalı daşınmaz əmlak isə Villa Fontanelledir. O, üzbəüz sahildəki Moltrazioda yerləşir. Əvvəllər XIX əsrə aid dördmərtəbəli bu sarı malikanə modelyer Canni Versaçenin sevimli iqamətgahı olub. Bu villada Madonna, ledi Diana, Elton Con, Cennifer Lopes, Naomi Kempbell və digər məşhurlar qonaq qalıb. Modelyerin özü də elə burada, Moltarazioda dəfn olunub. 2008-ci ildə Versaçe ailəsinin mülkünü rusiyalı restoranlar şəbəkəsi sahibi Arkadi Novikov alıb. Nə az, nə çox, düz 35 milyon avroya.
“Ulduz müharibələri” və İtaliya butası
Nə deyim, bu hələ Komodan Bellacoyadək yolda nəzərimizi cəlb edən məşhur malikanələrin tam siyahısı deyil. Onların arasında Lalyo şəhərciyində yerləşən “Oleandr” villası da var. Bu villa amerikalı aktyor Corc Kluniyə məxsusdur. Lennodakı Balyanello villası isə bununla məşhurdur ki, orada “Ulduz müharibələri. II epizod: klonların hücumu” filmi çəkilib. Daniel Kreyqin iştirakı ilə “Kazino Royal”, Tuma Urmanın iştirak ilə “Gölün yanındakı ay” və s. filmlər də bu malikanədə lentə alınıb. Gölün bütün dəbdəbəli malikanələrini sadalamaqla sizi yormayaq, həm də təyinat məntəqəsinə – Bellaco şəhərciyinə, nəhayət ki, gəlib çatdıq. Artıq sahilə çıxa bilərik. Özündə çoxlu maraqlı şeylər gizlədən əyri-üyrü küçələri gəzib dolaşa bilərik.
Amma əvvəlcə toqqanın altını bərkitməyin və deməli, Lombardiya mətbəxi ilə tanış olmağın vaxtı çatıb. Ağzının ləzzətini bilənlərin fikrincə, bu mətbəx ən tələbkar qurmanların zövqünə cavab verir. Yerli yeməklərin əsasını təzə balıq, dadı damaqdan getməyən ev pendirləri, təzə meyvə-tərəvəz, əkinçilik və heyvandarlıq təsərrüfatlarının digər təbii məhsulları təşkil edir. Bellaco sahili boyu çoxsaylı kiçik restoranlar və meyxanalar düzülüb. Onlardan biri – körpünün yaxınlığında yerləşən “Susse” restoranı ürəyimizə yatdı. Qapıda bizi restoran sahibinin özü – bu restoranı ailəsi ilə birlikdə işlədən italiyalı qarşıladı. Biz onun həm yaşlı anası, həm Venesuela əsilli xanımı, həm də yeri gəlmişkən, ofisiant işləyən qızı ilə tanış olduq. Sonradan öyrəndik ki, son vaxtlar getdikcə daha çox italyan Latın amerikalı, yaxud rus xanımlarla evlənir. Bu da ondan irəli gəlir ki, hüquqları dövlət və qanunlar tərəfindən yaxşı qorunan italyan xanımlar bəzən çox tələbkar və müstəqil olurlar.
Yeməklərin seçimini restoran sahibinin öz öhdəsinə buraxdıq. Birinci bizə ananas və çiyələk dilimləri ilə birlikdə tunes balığından “tartar” adlı ləzzətli təam verdilər. Sonra yunan qabağı dilimlərinə bükülmüş, üzərinə duru yağdan hazırlanmış sous əlavə edilmiş ispanaqlı krem gəldi. Əsas yeməyimiz xəmirin içərisində bişirilmiş və ətrafına tərəvəz düzülmüş dorada balığı idi. Nəhayət, desert olaraq krem-brüle verdilər. Bütün yeməklər ləzzətli idi və gözəl bəzədilmişdi.
Qonşu masada bir dəstə türk oturmuşdu. Onlar da qəribə yemək sifariş vermişdilər. İçərisi oyulmuş bir yekə baş pendir parçasını təsəvvürünüzə gətirin. Spagetti müştərilərin gözü qabağında isti-isti bu oyuğa endirilir, əriyən pendir onun canına hopur, sonra qarışdırılaraq boşqablara çəkilir.
Nahardan sonra qonaqpərvər restoran sahibləri ilə xudahafizləşib Bellaco ilə tanış olmağa yollandıq. Bu şəhərcik dağın yamacında yerləşir və onun küçələrinin çoxu sahildən üzüyuxarı qalxır. Qədim evlər, dar dolanbac küçələr, kiçik dükanlar və sənətkar emalatxanaları mənə Azərbaycanın İsmayıllı rayonunda dağların qoynunda yerləşən Lahıc şəhərini xatırlatdı. Qeyd etdiyim kimi, Komo İtaliyanın ipək sənayesinin mərkəzi sayılır və bu da onu Azərbaycanın əsrlər boyu öz ipəyi ilə məşhur olan daha bir şəhəri – Şəki ilə doğmalaşdırır. Komo ilə Şəkinin qardaşlaşması çox gözəl olardı.
Komoda ipək istehsalı XIV əsrdə inkişaf etməyə başlayıb. Hazırda burada ipək məmulatın istehsalı, boyanması, dizaynı və satışı ilə məşğul olan təqribən 800 müəssisə və toxuculuq şirkəti toplaşıb. Həmin müəssisələrdə 23 mindən çox adam çalışır. Təkcə 2007-ci ildə Komoda 4400 ton ipək məmulatı istehsal edilib. Müasir dövrün ən tanınmış dizaynerləri öz kolleksiyaları üçün parça və ipək məmulatını Komo müəssisələrində sifariş verirlər. Əgər “Armani”, “Chanel”, “Versace”, “Kenzo”, “Prada” və digər brendlərdən ipək şərfləriniz, pencəkləriniz, koftalarınız varsa, çox güman, onlar ya Komoda, ya da Komo ipəyindən hazırlanıb.
Mən ipəyi nə üçün məhz Bellacoda xatırladım? Çünki rastımıza çıxan kiçik mağazaların çoxunda ipək və ipək məmulatı satılırdı. Bellaconun mərkəzində – Serbelloni küçəsində yerləşən “Azalea” adlı belə dükanlardan birinin vitrinində Şərq üçün, xüsusən Azərbaycan mədəniyyəti üçün səciyyəvi naxışı – “buta”nı xatırladan bir ornamentlə bəzənmiş yaylıq diqqətimi cəlb etdi. Mağazanın sahibləri – Qondola soyadlı mehriban italyan ailəsi (yaşlı cütlük və onların qızı) bizə dedi ki, İtaliyada bu naxışı məşhur parça kimi “kaşemir” adlandırırlar, amma mənşəyi barədə heç nə bilmirlər. Mağazada istər “Missoni” və “Versace” kimi tanınmış moda evlərinin, istərsə də ailəvi müəssisənin istehsalı olan çeşid-çeşid müxtəlif formalı al-əlvan ipək şərflər, yaylıqlar, şallar vardı. Qiymətinə görə ən münasib yaylığın qiyməti 15 avro, ən bahalısının – “Versace” markasından olan kaşemir və ipək yaylığınkı isə 675 avrodur ki, yeri gəlmişkən, bu da paytaxt butiklərindəki bu və ya digər brend maldan ucuzdur.
Bellaco dedikdə, Komo gölü sahilindəki “Villa Serbelloni”dən danışmamaq olmaz. XV əsrdə ucaldılmış bu villa o vaxtdan etibarən bir neçə dəfə yenidən qurulub və sahiblərini dəyişib. Rokfeller Fonduna məxsus olduğu üçün burada tez-tez dünyanın hər yerindən alimləri və siyasətçiləri görmək olar. Burada həm də beynəlxalq konfranslar keçirilir. Villanın ən diqqətəlayiq yerlərindən biri gediş-gəliş üçün açıq olan və bütün İtaliyanın ən gözəl guşələrindən biri sayılan cənnətməkan bağdır.
1905-ci ildən Bellacoda “Villa Serbelloni” qrand oteli işləyir. Keçmiş özəl villada yerləşən bu otelin Rokfeller Fonduna və “Villa Serbelloni”nin özünə təkcə ad oxşarlığından başqa heç bir aidiyyəti yoxdur. Doğrudur, bu otelin də öyünməli məziyyətləri çoxdur: vaxtilə burada Uinston Çörçil və Con Kennedi qonaq olublar.
Daha iki məşhurun adı həmişəlik Bellaco ilə bağlıdır: “Roma, Florensiya, Neapol” əsərinin bəzi səhifələrini burada yazmış yazıçı Stendal və bəstəkar Ferens List. Serbelloni küçəsindəki evlərin birində üzərində List yazılmış xatirə lövhəsini görmək olar. Bəstəkar həyatının ən romantik dövrlərindən birini burada keçirib. O, xamını Mari ilə birlikdə Dantenin indi də burada ucalan abidəsinin kölgəsində oturub şairin “İlahi komediya”sını ucadan oxuyarmış. Sonralar o, həmin xatirələr əsasında özünün “Danteyə sonata” əsərini yazır.
Bellaco nəfis arxitekturasının gözəlliyi, bakirə təbiəti, bağlarının zümrüd yaşıllığı və yerli sakinlərin xeyirxahlığı ilə bizi heyran etdi. Amma artıq qaş qaralmağa başlamışdı və körpüyə qayıtmaq lazım idi. Geri qayıdanda sürət gəmisində üzməyi qərara aldıq. Gəmi yel kimi ( 50 dəqiqəyə) bizi Komo şəhərinin mərkəzinə çatdırdı.
Son söz, yaxud məşhurların diyarında
Adları Komo gölü ilə bağlı olan bütün məşhurları xatırlatdığımızı düşünürsünüzsə, səhvə yol verirsiniz. Biz özümüz də hər dəfə gidimizdən təəccüblə yeni-yeni maraqlı faktlar öyrənirdik və İtaliyanın bu kiçik əyalətində nə qədər maraqlı hadisənin baş verdiyinə heyrətlənirdik. Məsələn, Leonardo da Vinçi tez-tez burada olmağı sevərmiş, onun əsərlərinin çoxunda Komo mənzərələri təsvir olunub. Əfsanəvi futbolçu, 2006-cı ilin dünya çempionu Canluka Dzambrotta Komoda doğulub. Gölün ətrafındakı şəhərciklərdən birində – Qalbyatedə isə milyonların kumiri Adriano Çelentano öz şəxsi malikanəsində yaşayır.
Dəstə-dəstə turistlər bir yana qalsın, bəs məşhurları bura nə cəlb edir? Bəlkə, Komo sakinləri məşhurlarla xüsusi nəzakətlə davranırlar? Təmkinlilik və ola bilsin, yerli əhalinin əsrlər boyu özünə aşıladığı “seçilmişlərdən” olması hissi üzdə olan adamların burada özlərini başqalarının zəhlətökən diqqətindən tam azad hiss etməsinə zəmanət verir. Bəlkə də sadəcə yaşamaq və istirahət etmək üçün ideal iqlimi olduğu üçün? Axı bu həqiqətdir. Dağların qoynunda yerləşən Komo əyalətində havanın orta illik temperaturu 13-14 dərəcə isti təşkil edir. Bir-birinə qarışan zeytun, sitrus ağacları, sərv, əncir, şabalıd, nar, həmişəyaşıl dəfnə və palmalar yayın sərin və qışın mülayim keçməsi sayəsində bu yerlərdə çox yaxşı bitir. Yayda tərtəmiz Komo çimərliklərdə çimə, idmanın kaytserfinq, vindserfinq, su xizəklərində, qayıqlarda, kanoyedə üzmək, dayvinq və s. kimi su növləri ilə məşğul ola bilərsiniz.
Komonun coğrafi mövqeyi elə uğurludur ki, bir neçə saat ərzində buradan İsveçrə, Avstriya, Fransa, Xorvatiya və Lixtenşteynə çatmaq olar. Bu da şəhəri birləşdirilmiş turlar üçün rahat başlanğıc məntəqəsinə çevirir. İsveçrə lap yaxında – şəhərin cəmi iki kilometrliyindədir. Bir çox komolular səhərlər İsveçrə şirkətlərində, – burada məvacib İtaliyadakından 1,5 dəfə yüksəkdir, – işləməyə gedir, axşamlar Komoya qayıdırlar.
Əlbəttə, Komoda keçirdiyimiz iki gün buranın bütün görməli yerlərindən zövq almağa yetmir. Halbuki məşhur villaların hər birinə getməyi, Volta Muzeyinin nadir eksponatlarını görməyi, 1894-cü ilin tarixi funikulyorunda Brunate kəndinədək gedib, ətrafdakı füsunkar mənzərələri seyr etməyi o qədər istəyirdik ki. Amma yolçu yolda gərək. Axı bizi İtaliya adlı gözəl ölkədə sadaladıqlarımdan heç də geri qalmayan başqa kəşflər gözləyir.
Xudahafiz Komo, görüşənədək!
Səfərin təşkilinə göstərdikləri köməyə görə Komo Ticarət Palatasına və İtaliya Milli Turizm Agentliyinin Moskva nümayəndəliyinə təşəkkür edirik.
Emil Eyyubov | AZƏRTAC