Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildəki yataqda pay aldıqdan sonra keçən ay yeni şirkət təsis edib.
Banker.az xəbər verir ki, bu “SOCAR Tamar” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət Baş ofisdə, Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121-də (SOCAR Towers-də) dövlət qeydiyyatına alınıb və 10 000 manat nizamnamə kapitalı var.
Şirkətin qanuni təmsilçisi Ağaməmməd Sultanov Sultan oğludur.
Qeyd edək ki, SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 % payın alınması üzrə müqavilə imzalayıb.
SOCAR ilin əvvəli bildirmişdi ki, bununla da SOCAR Aralıq dənizi hövzəsində “upstream” sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək, məlumatda deyilir.