Yaponiya hökuməti bu yay əcnəbi turistlərə almaq istədikləri malları barmaq izləri vasitəsilə ödəməyə imkan verən yeni sistemi sınaqdan keçirəcək. Yeni pilot layihənin məqsədi cinayətlərin sayını azaltmaq, əcnəbi turistlərin əziyyətini azaldaraq onları pul qabından, kredit kartlarından və ya NFC-çipli smartfonlardan azad etməkdir.
Yaponiyaya gələn qonaqlara elə aeroportdaca barmaq izlərini qeydiyyatdan keçirmək və bank hesabları barədə məlumatları onlara qoşmaq təklif ediləcək. Bundan sonra turistlər iki barmağını hesablayıcı qurğuya qoymaqla onlardan 300-dən artıq mağaza, restoran və mehmanxanalarda ticarət, xidmət haqlarını ödəmək üçün elektron valyuta kimi istifadə edə bilərlər.
Barmaq izləri yalnız ödəniş vasitəsi kimi deyil, eyni zamanda, şəxsiyyəti müəyyənləşdirmək üçün də istifadə edilə bilər. Məsələn, siz onlardan vergi ödənişindən azad olmaq üçün sənədlərin tərtibatında istifadə edə bilərsiniz. Buna baxmayaraq, mehmanxanada yerləşmək üçün turistlər mütləq pasportlarını təqdim etməlidirlər.
Yeni layihənin gələn ilin yazında bütün Tohoku regionunda və Naoqi şəhər dairəsində tətbiqi planlaşdırılır. Sistemin bütün ölkədə tam şəkildə tətbiqi isə 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları zamanı nəzərdə tutulur.
Buna bənzər texnologiya ilk dəfə ötən ilin oktyabrında Naqasaki prefekturasında yerləşən Heys ten Bos parkında tətbiq olunub. Şirkətin məlumatına görə, ödəniş üçün pul qabının çıxarılmasına ehtiyac olmayan yeni sistem müştərilər tərəfindən çox yaxşı qarşılanıb.
Əlavə olaraq bildirək ki, Yaponiyada yerli sakinlərə barmaq izlərinin köməyi ilə bankomatlardan pul çıxarmağa imkan verən yeni sistem də tətbiq olunur.
AzerTag