2 C
Baku
Saturday, December 14, 2024

Hesablama Palatası Nazirlər Kabinetinə təkliflər təqdim edib

Azərbaycanda dövlət büdcəsi vəsaitlərindən qənaətlə istifadə edilməsinin vacibliyini nəzərə alaraq, Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nə əlavə və dəyişikliklər təklif edilir.

Bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.

“Əlavə və dəyişiklikliklər edilməklə universal poçt rabitəsi xidmətləri üzrə əldə olunan gəlirlərin və xidmətlərə çəkilən xərclərin xidmət növləri üzrə ayrı-ayrılıqda uçotunun aparılması tələbinin müəyyənləşdirilməsini, universal poçt rabitəsi xidmətlərinin tərkibinə daxil olan bütün xidmətlərin göstərilməsi ilə bağlı deyil, yalnız əsgər məktubları və əsgər bağlamalarına görə yaranan zərərin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilməsini məqsədəuyğun hesab edirik”, – deyə təkliflərdə qeyd olunub.

Həmçinin, digər təklifə əsasən, milli poçt operatoru tərəfindən universal poçt rabitəsi xidmətlərindən dəyən zərərin hesablanması metodikasının hazırlanaraq müvafiq nazirliklərlə razılaşdırılmaqla tətbiqi zəruri hesab edilir.

ƏDV-yə cəlb olunan malların (işlərin və xidmətlərin) təqdim edilməsindən yaranan zərərin bağlanması üçün ayrılan subsidiya, dotasiya və s. bu kimi əvəzsiz daxilolmalar üzrə ƏDV məbləğinin birbaşa qanunvericiliklə müəyyən edilmiş depozit hesabına köçürülməsi dövlət büdcəsi ilə hesablaşmaların həyata keçirilməsində vergidən yayınma hallarına səbəb ola biləcək şəraitin qabaqcadan aradan qaldırılmasını təmin etmiş olar.

Bildirilir ki, Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində ƏDV qeydiyyatında olan və təqdim etdikləri xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənən dövlət müəssisələrində keçirilən audit tədbirləri zamanı maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə yaranan zərərin bağlanması üçün kompensasiya xarakterli əvəzsiz daxilolmaların (dövlət büdcəsindən ayrılan subsidiyalar, dotasiyalar və s. əvəzsiz daxilolmalar, ƏDV ilə birlikdə) gəlir kimi mənfəət vergisinin bəyannaməsinə daxil edilsə də, ƏDV bəyannamələrində nəzərə alınmamasına yol verilməsi halları aşkar olunub.

Göstərilənləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (işlərin və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.4-cü maddəsinə aşağıdakı məzmunda bəndin əlavə olunması məqsədəmüvafiq hesab edilir:

“Zərərin bağlanması üçün əlavə dəyər vergisi qeydiyyatında olan vergi ödəyicisinə kompensasiya xarakterli əvəzsiz ödənişlər (subsidiya, dotasiya və s.) üzrə ƏDV-siz məbləğ həmin şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir”.

Report

Son xəbərlər
Digər xəbərlər