Azərbaycanda əsasən yüksək tonnajlı yük və inşaatda istifadə edilən texnikaların satışını həyata keçirən “İmprotex Trucks and Buses” MMC 2023-cü ildə gəlirləri azalsa da, mal və məhsulların maya dəyərini optimallaşdırmaqla xalis mənfəətə çıxa bilib.
Banker.az xəbər verir ki, hesabat müddətində şirkətin satışdan gəlirləri 21 faiz azalmaqla 9.54 mln. manata düşüb.
Gəlirləri azalsa da, hesabat ilindəki cəmi xərclərini 12.85 mln. manatdan 8.54 mln. manata qədər optimallaşdırıb. Bu xərclərin azalmasında əsas pay, malın dəyərinin 41 faiz azaldılmaqla 4.98 mln manata endirilməsidir. Əmək haqqı xərcləri 1.26 mln. manatdan 1.17 mln. manata düşüb.
Bununla da keçən il, 1 milyon manat üzərində xalis mənfəət əldə edib. Öncəki ildə şirkətin 724 min manatdan çox zərəri olmuşdu. 2021-ci ildə isə 1 mln. 490 min manat zərər etmişdi.
Şirkətin kapitalında bölüşdürülməmiş mənfəəti 1 yanvar 2024-cü il tarixinə 4.65 mln. manata yüksəlib.
Xatırladaq ki, “İmprotex Trucks and Buses” MMC 2002-ci ildə təsis edilib və 220 manat nizamnamə kapitalına sahibdir. Şirkət “İmprotex” şirkətlər qrupuna daxildir.