2025-ci ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 251 milyon dollar əsaslı məsrəflər xərclənib.
Banker.az xəbər verir ki, bu barədə yatağın operatoru “BP Exploration (Caspian Sea) Limited” şirkəti məlumat yayıb.
Müqayisə üçün, ötən ilin eyni dövründə AÇG üzrə əməliyyat məsrəfləri eyni səviyyədə – 115 milyon dollar olsa da, əsaslı xərclər 347 milyon dollar təşkil etmişdi. Beləliklə, əsaslı xərclərdə illik müqayisədə 96 milyon dollarlıq azalma qeydə alınıb.
Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (87 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (25 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 331 000 barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.
Qeyd edək ki, ötən ilin birinci rübündə bu göstərici gündə orta hesabla 339 000 barel və 31 milyon barel, yəni 4 milyon ton olmuşdu.
2024-cü ilin sonuncu rübündə isə hasilat gündə 342 000 barel və ya 125 milyon barel, yəni 16 milyon ton səviyyəsində qeydə alınmışdı.