“Azərenerji” ASC-nin və eləcə də Qafqazın ən iri elektrik stansiyası “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2024-cü ildə gəlirlərin düşməsi səbəbindən zərəri bir qədər də artıb.
Banker.az dörd səhifədən ibarət olan maliyyə hesabatına istinadən xəbər verir ki, “Azərbaycan” İES keçən ildə 214.6 milyon manat həcmində enerji satışı həyata keçirə bilib. 2023-cü ildə satışların 239.9 mln. manat olduğunu nəzərə alsaq, İES-in satışları 10.5 faiz azalmış olur.
Elektrik satışları düşdüyündən keçən il cəmi 148.5 mln. manatlıq yanacağa daha az xərc çəkib. Bununla belə İES-in əsas xərc maddəsi olaraq qalır. Yanacaq xərcləri satışlarla müqayisədə daha çox azalıb. Bu xərclər 15 faiz üzərindədir.
Bununla belə, amortizasiya xərcləri 47.24 mln. manata, işçilərə verilən əməkhaqqı xərcləri isə 8.62 mln. manata qalxıb.
Beləliklə, keçən ili 4.2 mln. manata yaxın xalis zərərlə bitirib. Zərərin həcmi 2023-cü ildə 2.32 mln. manat idi. Halbuki, 2021 və 2022-ci illərdə müvafiq olaraq 8.32 mln. və 4.33 mln. manat xalis mənfəət əldə etmişdi.
Bu xərcdən sonra “Azərbaycan” İES-in kapitalındakı bölüşdürülməmiş mənfəət yenidən azalaraq 82.43 mln. manata düşüb.
Mingəçevir şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni İES-in 2025-ci ilin 1-ci yarısında istismara veriləcəyi gözlənilir.
Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatına əsasən, ümumi gücü 1880 meqavat təşkil edən İES-in tikinti işləri başa çatıb, avadanlıqlar (4 ədəd util qazan, 4 ədəd qaz turbini, 4 ədəd elektrik generatoru, 4 ədəd güc transformatoru) quraşdırılıb və ilkin olaraq 1 saylı qaz turbini ve 7 saylı buxar turbini test rejimində işə salınaraq enerji sistemə qoşulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində “Azərenerji” tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Bu stansiya “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək.
Paralel olaraq, ümumi səmərəliliyi artırmaq üçün “Azərbaycan” İES-in 7-ci və 8-ci enerji bloklarının mövcud buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilərək, 1280 meqavatlıq yeni stansiya ilə əlaqələndiriləcək. Belə ki, 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7-ci və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ümumi güc 1880 meqavat təşkil edəcək və beləliklə ildə 0,8-1,2 mlrd. kubmetr qaza qənaət olunacaq. Bu isə o deməkdir ki, yeni stansiyaya qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq. Eyni zamanda, yüksək səmərəliliyə malik generasiya kompleksinin formalaşdırılması ilə faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq və illik istehsal 12,5 mlrd. kilovat-saat təşkil edəcək.