23 C
Baku
Thursday, May 8, 2025

ABŞ FED-i faiz qərarı verdi: Son bəyanat nəyə işarədir?

ABŞ Federal Ehtiyat Sistemi uçot faiz dərəcəsini dəyişməz saxlayıb və Prezident Donald Trampın borclanma xərclərini azaltmaq çağırışlarını görməməzliyə vurub. Eyni zamanda, FED bildirib ki, işsizliyin və inflyasiyanın artması riskləri yüksəlib.

Banker.az xəbər verir ki, FED ardıcıl üçüncü iclasında faiz dərəcəsini 4.3 faiz səviyyəsində saxlayıb. Ötən ilin sonunda isə bu dərəcəni ardıcıl üç dəfə endirmişdi. Bir çox iqtisadçı və Uol-Strit investorları FED-in bu il faiz dərəcəsini iki və ya üç dəfə endirəcəyini gözləyir, lakin Trampın tətbiq etdiyi genişmiqyaslı tariflər ABŞ iqtisadiyyatına və FED-in siyasətlərinə böyük qeyri-müəyyənlik gətirib.

Siyasət bəyanatnın açıqlanmasından sonra keçirilən mətbuat konfransında FED sədri Cerom Pauell qeyd edib ki, tariflər istehlakçı və biznes əhval-ruhiyyəsini zəiflədib, lakin hələ ki, iqtisadiyyata nəzərəçarpacaq zərər vurmayıb. Hazırda FED-in necə reaksiya verməli olduğu ilə bağlı vəziyyətin qeyri-müəyyən olduğunu deyib.

“Əgər elan olunmuş iri tarif artımları qüvvədə qalsa, bu, inflyasiyanın artmasına, iqtisadi artımın yavaşlamasına və işsizliyin yüksəlməsinə səbəb ola bilər,” – Pauell bildirib. Onun sözlərinə görə, bu təsirlər müvəqqəti də ola bilər, daha davamlı da.

“Bilmədiyimiz çox şey var,” – deyə o əlavə edib. Sədr deyib ki, “gözləyib görmək üçün yaxşı mövqedəyik.”

Bu çıxşdan sonra birjalar kəskin reaksiya vermədi. ABŞ dollarının altı əsas valyuta səbəti qarşısında ölçülən DXY indeksi 100 bənddən aşağı qaldı. “PAŞA Kapital İnvestisiya Şirkəti”nin ticarət platformasındakı məlumatlara görə hazırkı səviyyə son üç ilin minimum səviyyəsidir.

4534534

FED-in həm qiymətlərin, həm də işsizliyin artması riskinin yüksəldiyini bildirməsi nadir haldır. İqtisadçılar bildirirlər ki, bu, Trampın tətbiq etdiyi genişmiqyaslı tariflərin yaratdığı təhdiddir. İdxal vergiləri, həm məhsul və hissələrin bahalaşması ilə inflyasiyanı artıra, həm də şirkətlərin xərclərinin yüksəlməsi fonunda ixtisarlar etməsi nəticəsində işsizliyi artıraraq ikiqat təzyiq yarada bilər.

Bunun nəticəsində, FED çətin vəziyyətə düşüb. Onun əsas məqsədləri qiymətlərin sabitliyini qorumaq və məşğulluğu maksimuma çatdırmaqdır. Ənənəvi olaraq, inflyasiya yüksələrsə, FED faiz dərəcəsini artıraraq borclanmanı və xərcləri azaldır. Əgər işsizlik yüksəlirsə, o zaman faizləri endirərək xərcləməni və iqtisadi artımı stimullaşdırmağa çalışır.

Pauell bildirib ki, FED-in növbəti addımları inflyasiya və işsizlik göstəricilərindən hansının daha çox pisləşəcəyindən asılı olacaq.

“Vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, bu, faiz endirimi də ola bilər, mövcud səviyyədə qalmaq da, sadəcə, əvvəlcə vəziyyəti müşahidə etməliyik,” – deyə o bildirib.

“Evercore ISI”dən Krişna Quha bildirib ki, FED-in cari iqtisadi şəraiti qiymətləndirməsi faiz endirimi gözləntilərinin vaxtını uzada bilər. “İki tərəfli risk qiymətləndirməsi və iqtisadiyyatın ‘möhkəm’ kimi xarakterizə olunması Komitənin hələlik iyun ayında faiz endiriminə getməyə hazırlaşmadığını göstərir.” Bir çox iqtisadçı FED-in faiz endirimini sentyabrda etməyə daha hazır olacağını düşünür.

TRAMP VƏ TARİFLƏR…

Tramp apreldə təxminən 60 ticarət tərəfdaşına qarşı genişmiqyaslı tariflər elan edib, sonra isə Çin istisna olmaqla, əksəriyyətini 90 günlüyünə dayandırıb. Çin məhsullarına isə 145 faiz tarif tətbiq olunub. Trampın ticarət müharibəsini başlatmasından sonra iki ölkə ilk yüksək səviyyəli danışıqlarını bu həftəsonu İsveçrədə keçirəcək.

FED-in ehtiyatlılığı administrasiya ilə daha çox qarşıdurmaya səbəb ola bilər. Bazar günü Tramp televiziya müsahibəsində yenidən FED-i faizləri endirməyə çağırdı və Pauell haqqında “o sadəcə məni sevmir, çünki mən onun tamamilə ruhsuz biri olduğunu düşünürəm” dedi.

İnflyasiya hazırda FED-in 2 faiz hədəfinə çox yaxın olduğuna görə, Tramp və Xəzinə katibi Skott Bessent hesab edirlər ki, FED faiz dərəcəsini endirə bilər. FED 2022 və 2023-cü illərdə inflyasiya ilə mübarizə məqsədilə dərəcəni artırmışdı.

Mətbuat konfransında Trampın aşağı faiz çağırışlarının FED-ə təsiri barədə suala Pauell “Bu, işimizi yerinə yetirməyə heç bir təsir göstərmir. Biz hər zaman yalnız iqtisadi məlumatları, proqnozları, risk balansını nəzərə alacağıq vəssalam,” – deyə cavab verib.

Tramp həmçinin bildirib ki, Pauelli işdən çıxarmayacaq, çünki onun səlahiyyət müddəti gələn ilin mayında bitir və o, yeni sədri təyin edə biləcək. Lakin əgər iqtisadiyyat yaxın aylarda zəifləsə, Tramp Pauelli işdən çıxarmaq hədələrini yenidən gündəmə gətirə bilər.

FED-in qarşısında duran əsas məsələlərdən biri tariflərin inflyasiyaya təsiridir. Demək olar ki, bütün iqtisadçılar və FED rəsmiləri hesab edirlər ki, idxal vergiləri qiymətləri artıracaq, lakin bunun miqyası və müddəti bəlli deyil.

Tariflər adətən qiymətlərdə birdəfəlik artım yaradır, lakin bu, davamlı inflyasiya demək deyil. Lakin əgər Tramp əlavə tariflər elan edərsə – ki, bunu dərmanlar, yarımkeçiricilər və mis üzrə etməklə hədələyib – və ya amerikalılar inflyasiyanın pisləşəcəyindən narahat olarsa, bu qiymətlərin daha uzunmüddətli artmasına səbəb ola bilər. Bunu isə “The Associated Press” qeydində bildirir.

ƏMƏK BAZARI…

İqtisadçılar və FED inflyasiya gözləntilərini yaxından izləyirlər. Bu göstəricilər istehlakçıların inflyasiyanın pisləşəcəyindən nə qədər narahat olduğunu göstərir. Daha yüksək inflyasiya gözləntiləri öz-özlüyündə reallaşa bilər: əgər amerikalılar qiymətlərin artacağını düşünsələr, daha yüksək maaş tələb etməklə və digər addımlarla xərcləri artıra bilərlər.

Hazırda ABŞ iqtisadiyyatı əsasən yaxşı vəziyyətdədir və inflyasiya 2022-ci ildəki zirvə nöqtəsindən xeyli aşağı düşüb. İstehlakçılar xərclərini sağlam templə davam edirlər– baxmayaraq ki, bu, qismən tariflərdən əvvəl avtomobil kimi məhsulların alınması ilə bağlı ola bilər. Şirkətlər hələ də stabil şəkildə işçilər əlavə edir, işsizlik səviyyəsi aşağıdır.

Buna baxmayaraq, inflyasiyanın yaxın aylarda pisləşəcəyinə dair əlamətlər var. Həm istehsal, həm də xidmət sektorunun sorğuları göstərir ki, şirkətlər tədarükçülərdən daha yüksək qiymətlər görürlər. FED-in Dallas bölməsinin keçirdiyi bir sorğuda istehsalat müəssisələrinin təxminən 55 faizi tarif artımının təsirini müştərilərinə ötürəcəyini bildirib.

“Axır nəticə odur ki, qarşıdakı altı ay ərzində inflyasiya əhəmiyyətli dərəcədə artacaq,” – deyə, investisiya şirkəti “Apollo Group”un baş iqtisadçısı Torsten Slok e-poçtla bildirib.

Eyni zamanda, tariflər iqtisadiyyata ciddi şəkildə təsir göstərə bilər, xüsusilə də yaratdıqları qeyri-müəyyənliyə görə. ABŞ-də biznes sorğuları göstərir ki, şirkətlər investisiya qərarlarını təxirə salırlar. Bir çox müəssisə 2025-ci il üçün maliyyə proqnozlarını tariflərlə bağlı qeyri-müəyyənliyə görə geri çəkib.

Son xəbərlər
Digər xəbərlər