Azərbaycanda mebel satışı ilə məşğul olan “Qardaşlar Mebel” QSC 2024-cü il üçün maliyyə hesabatını açıqlayıb.
Banker.az xəbər verir ki, 2023-cü ildə 15,06 milyon manat təşkil edən əsas əməliyyat gəlirləri, 2024-cü ildə 14,91 milyon manata düşüb. Yəni illik əsasda təxminən 1% azalma baş verib.
Əsas əməliyyat xərclərinə daxil olan satışın maya dəyəri isə ötən illə müqayisədə artım göstərərək 13,64 milyon manatdan 13,76 milyon manata yüksəlib. Satışın maya dəyərinin strukturuna baxdıqda, ən böyük pay əmək haqqı və xammal-material xərclərinə düşüb. Əmək haqqı xərcləri təxminən 22% artımla 3,3 milyon manata çatıb. Xammal və material xərcləri isə 8 milyon manatdan 7,67 milyon manata azalıb.
Xalis mənfəət isə 1,02 milyon manat olub ki, bu da 2023-cü ilin 1,24 milyon manatlıq nəticəsindən təxminən 18% aşağıdır.
Xatırladaq ki, “Qardaşlar Mebel” 2015-ci ildə təsis edilib. Şirkətin 3050 manatlıq səhmlərinin 100%-i Əli Mirzəyev Məmməd oğluna məxsusdur. Şirkət mebel sektorunda ofis, yataq, mətbəx, uşaq mebelləri və digər dizaynlı məhsullar istehsal etməklə yanaşı, təhsil və səhiyyə müəssisələri üçün fərdi sifarişlər də həyata keçirir.