Trump Ağ Evdə Cənubi Afrika Respublikasının (CAR) Prezidentini qəbul edir və ağ fermerlərin öldürülərək torpaqlarının mənimsənildiyini və bu prosesi dəstəkləyənlərin mitinqindən görüntü, çıxış və fikirləri əks etdirən videonu izlətdirir. Trumpın CAR Prezidentini qəbul edilib belə bir məsələni qaldırması və kəskin mövqe nümayiş etdirməsi təsadüfdür? Qətiyyən. Bu BRICS üzvü olan CAR və onun Prezidentinə xəbərdarlıq mesajı idi.
Trump və Putin arasında olan sonuncu telefon söhbətinin konkret nəticələrinin olmaması aydındır. Yeni sanksiyalar paketi hazırlanır və Britaniya Rusiya neftinə olan maksimum 60 dollar həddinin aşağı salınmasını təklif edir. Hazırda Brent markalı neftin bir barelinin qiyməti 63-64 dollaradır və bu qiymət qarşılığında Rusiya nefti üçün maksimum 60 dollar həddi normal hesab olunur. Bu həddin 50 dollara salınması ehtimalı yüksəkdir. Bu xəbər neftin qiymətinin yenidən aşağı düşməsinə təkan verən bir neçə əsas amildən biri oldu.
Bu təklifə G7 ölkələri daxil neft idxal edən bütün inkişaf etmiş və etməkdə olan ölkələr müsbət baxır. Daha ucuz neft onlar üçün valyutaya qənaət, daha yaxşı tədiyə balansı, daha aşağı inflyasiya deməkdir.
Burada sual altında olan məsələ, Trumpın Yaxın Şərqin aparıcı 3 ölkəsi (Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər) ilə bağlı qapı arxasında neftlə bağlı anlaşmalarıdır. Ehtimalım budur ki, neftin növbəti dövr ərzində müəyyən həddən (məsələn, 50 və ya 55 dollar) aşağı salınmayacağı, həmin müəyyən həddə qədər düşməsinə isə ərəb ölkələrinin qarşı çıxmayacağı ilə bağlı razılığa gəlinib. Qarşılığında hər 3 ölkəyə Yaxın Şərqdə Yeni Düzəndə kifayət qədər aparıcı mövqeyə malik olmaları qarantiyası verilib.
Rusiya iqtisadiyyatına gəlincə. 1 dollar 80 rublun altına düşdü. Britaniyanın təklifini də nəzərə alsaq bu kurs Rusiya iqtisadiyyatı üçün yaxşı heç nə vəd eləmir. Tendensiya davam edərsə, Rusiya Mərkəzi Bankı yaxın dövrlərdə rublun faiz dərəcəsini azaltmağa başlayaraq dolların bahalaşmasının qarşısını almağa çalışar. Rubl ona görə bahalaşmır ki, Rusiya iqtisadiyyatı güclənir. Həm idxalda kəskin eniş, həm sanksiyalar, həm də dollar satışlarındakı limitlər səbəbindən rubl bahalanır ki, bu da çox ciddi və təhlükəli bir aldadıcı təzahürdür. Hazırda Rusiya ətrafında baş verənlər də aldadıcıdır. Zelenski səhnədə böyük şou və göstərişli çıxışlarla sıxışdırılır, Rusiya isə sanksiyalarla. Rusiyaya Ukraynada nisbi üstünlük qazandırıb daha da həvəsləndirirlər və hətta bəzən bu həvəsləndirmə eyforiyaya səbəb olur. Bununla da yeni səhv addımlar atmağa təhrik edirlər. (Bu məsələyə bir neçə ay öncə yazdığım Rusiyanın önü açılır adlı məqaləmdə daha geniş toxunmuşam). Artıq Rusiyanın Pribaltika və Skandinaviya ölkələrinə qarşı təcavüz ehtimalları danışılır. Senari və hədəf aydındır. Parçalanmamış, lakin tamamilə zəiflədilmiş bir Rusiya.
Paralel aparmaq üçün yaxın tarixə nəzər salaq.
1979 – SSRİ qoşunları Əfqanıstana daxil olur.
2022- Rusiya qoşunları Ukraynaya daxil olur.
SSRİ-yə qarşı sanksiyalar var.
Rusiyaya qarşı sanksiyalar var və tətbiq edilir.
SSRİ Əfqanıstanda bataqlığa düşür və uzun müddət qalmağa məhkum olur. SSRİ-nin hərbi xərcləri ÜDM-nin 6%-ni aşır.
Rusiya Ukraynada bataqlığa düşür və uzun müddət qalmağa məhkum olur. Rusiyanın hərbi xərcləri ÜDM-nin 6%-ni aşdı.
1970-ci illərin yüksək neft qiymətlərindən sonra 1985-1986-cı illərdə neftin bir barelinin qiyməti 10 dollara qədər düşür. Hərbi xərclər altında boğulan, iqtisadiyyatı neft və qazdan asılı olan SSRİ buna tab gətirməməyə başlayır və 1988-ci ildə qoşunlarını Əfqanıstandan çıxarır. Lakin, artıq gec idi….
2000-ci illərin ilk onilliyində yüksək neft qiymətlərindən sonra 2014-cü ilin avqustun əvvəllərindən etibarən (Krımın işğal olunduğu il) neftin qiymətləri enməyə başlayır. Növbəti eniş mərhələsi isə yeni başlayır. SSRİ-də olduğu kimi, məhz Rusiyanın sanksiyalar və hərbi xərclər altında boğulduğu bir vaxtda azalan neft qiymətlərinin iqtisadiyyata mənfi təsiri bir deyil, bir neçə qat olur.
1991-ci ildə SSRİ dağılır, lakin Rusiyanın hələlik dağılması deyil, müəyyən dəyişikliklər variantlarının olması ehtimalı daha yüksəkdir.
Rusiya iqtisadiyyatının mövcud pərdəarxası real və görüntü yaradılaraq üzdə görünən iqtisadi vəziyyəti arasında böyük fərq var.
Ağ Evdə Trump-Zelenski görüşündən dərhal sonra yazdığım məqalədə vurğulamışdım və təhlil etmişdim ki, hədəf Ukrayna deyil, Rusiyadır. Çünki, Ukraynaya investisiya qoyub çıxarılacaq nadir yer elementlərindən 10 il ərzində əldə olunması ehtimal olunan 500 milyard dollar ABŞ üçün həm böyük məbləğ deyil, həm də müddət çoxdur. Məsələ verilən mesajlarda idi. Hadisələr həmin istiqamətlərdə də gedir. Trumpın 3 Yaxın Şərq ölkəsində imzaladığı razılaşmalar daha qısamüddətli (növbəti 4 il ərzində) və konkret idi. Trilyonlarla dollarlıq ABŞ məhsullarının satışı və investisiya sazişləri Ukraynadan əldə olunacaq 500 milyard dollarla müqayisə olunmaz.
Qarşıdan daha böyük hadisə gəlir. Trump vəd etdiyi vergi endirimlərini əhatə edən yeni büdcəsini təqdim edəcək. Vergi endirimləri = daha az büdcə daxilolmaları = daha böyük büdcə kəsiri = daha böyük borclanma. Bu bərabərlikləri pozacaq bir neçə amil var. Bunlarda bəziləri daxili iqtisadi siyasətlə, bəziləri xarici iqtisadi siyasətlə bağlıdır. Xarici iqtisadi siyasətlə bağlı olan bir-iki amil var ki, onların həlli digər bir neçə ölkə üçün ciddi çağırışlar formalaşdıra bilər. Hadisələri qabaqlamayaq. Hər bir halda, konkret olaraq hazırlanmış bir siyasət var. Maksimum daha çox söz, məlumat çirklilikləri yaratmaqla nəzərdə tutulan siyasətin anlaşılmaması və görünməməsi üçün Trumpın atdığı addımlar və hərəkətləri hələlik öz nəticələrini verir. Ehtimal olunan odur ki, heç bir şey göründüyü kimi deyil və Yeni Dünya Düzəninin formalaşması prosesi uzun və ağrılı olacaq, vəziyyət hələ bir neçə dəfə ciddi şəkildə dəyişəcək.
Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert
Qeyd: Bu məqalə müstəqil ekspert tərəfindən hazırlanıb. Məqalədə qeyd edilən fikirlər müəllifə məxsusdur və Banker.az saytının rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.