Azərbaycanın maliyyə bazarlarında fəaliyyət göstərən subyektlərə informasiya təhlükəsizliyi ilə bağlı vahid və daha ciddi tələblər tətbiq olunmağa başlayıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi Mehdi Mehdizadə Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində (“Fintex Sammit”) bildirib.
O qeyd edib ki, artıq primitiv texnologiyaların tətbiq olunduğu dövr geridə qalıb: “Hazırda daha mürəkkəb, sürətlə inkişaf edən, texnologiyalarla inteqrasiya olunmuş dövrdə yaşayırıq. Bu inkişafın müsbət tərəfləri ilə yanaşı, nəzərəçarpacaq riskləri də var. Xüsusilə xoşniyyətli olmayan müdaxilələrin hədəfi ola biləcək informasiya sistemləri və texnologiyalar, maliyyə sektoru üçün daha yüksək təhlükə yaradır”.
M. Mehdizadənin sözlərinə görə, bu təhlükələrin qarşısını almaq üçün dövlət orqanları və mütəxəssislər müxtəlif səviyyəli kiber təhlükəsizlik çərçivələri formalaşdırır: “Artıq kibertəhlükəsizlik təkcə texniki məsələ deyil, həmçinin hüquqi sabitliyin, maliyyə dayanıqlılığının və istehlakçı hüquqlarının qorunmasının əsas elementlərindən birinə çevrilib”.
AMB rəsmisi xatırladıb ki, bu məqsədlə 2019-cu ildə yalnız bank sektorunu əhatə edən informasiya təhlükəsizliyi qaydaları qəbul edilib: “Lakin maliyyə bazarlarına nəzarət orqanının ləğvi və bu səlahiyyətlərin AMB-yə verilməsindən sonra məsuliyyət dairəsi genişlənib. Artıq bu qaydalar yalnız banklara deyil, ödəniş və elektron pul təşkilatlarına, investisiya şirkətlərinə, sığortaçılara və bank olmayan kredit təşkilatlarına da şamil olunur”.