24 C
Baku
Wednesday, June 25, 2025

Azərbaycanda biznes kreditləri tarixdə ilk dəfə ₼15 milyardı keçib

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 1 iyun 2025-ci il tarixinə ölkənin kommersiya banklarının ümumi biznes portfeli 15 milyard 100 milyon manat təşkil etməklə tarixi rekord yeniləyib.

Banker.az bu barədə Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.5%, ilin əvvəli ilə müqayisədə isə 2.1% artım deməkdir.

İri sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin həcmi 8 milyard 486.5 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7%, ilin əvvəlinə nisbətən isə 2.3% artıb.

Orta sahibkarlıq üzrə kreditlər 1 milyard 919.2 milyon manat təşkil edib. İllik artım 14.5%, ilin əvvəlinə nisbətən isə 4.6% təşkil edir.

Kiçik sahibkarlıq üçün kredit həcmi isə 1 milyard 504.7 milyon manat olub. Bu isə illik müqayisədə 3.8% artım, ilin əvvəlinə görə isə 2.8% azalma deməkdir.

Mikro sahibkarlıq seqmentində kreditlər 3 milyard 189.6 milyon manata çatıb. Bu, ötən ilin may ayına nisbətən 16.8%, ilin əvvəlinə görə isə 2.6% artımdır.

Bununla belə, biznes kreditlərindəki qeyri-işlək kreditlərin payı son bir ayda 2.6%-dən 2.8%-ə yüksələrək 420.8 mln. manat olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən, sahibkarlıq subyektləri dörd kateqoriyaya bölünür. Mikro sahibkarlıq subyektləri illik gəliri 200 min manatdan az və işçilərinin sayı 1-dən 10-a qədər olan şəxslərdir. Kiçik sahibkarlıq subyektləri 11-50 nəfərədək işçisi və 3 milyon manatadək illik gəliri olan müəssisələrdir. Orta sahibkarlıq 51-250 nəfər işçisi və 30 milyon manatadək gəliri olan təsərrüfat subyektlərini əhatə edir. Bu göstəriciləri aşan hüquqi və fiziki şəxslər isə iri sahibkarlıq subyektləri hesab olunur.

Son xəbərlər
Digər xəbərlər