Dünyanın ən iri almaz istehsalçılarından biri olan Cənubi Afrika Respublikasına və Böyük Britaniyaya məxsus “De Beers” şirkəti süni qiymətli daşların sürətlə artan populyarlığı fonunda böhranla üzləşib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, uzun illər ərzində brilyantları sevgi və dəbdəbənin simvoluna çevirən “De Beers” şirkətinin bazarda mövqeyi xeyli zəifləyib.
Laboratoriya şəraitində hazırlanan süni almazlar və brilyantlar hazırda qiyməli daşlar bazarının təxminən 20 faizini təşkil edir. Son on ildə bu məhsullara tələbat 20 dəfə artıb. Xüsusilə ABŞ-da süni daşlarla bəzədilmiş nişan üzükləri ümumi satışların yarısından çoxunu təşkil edir ki, bu da son beş ildə 40 faiz artım deməkdir.
Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, 2025-ci ilin birinci rübündə Avropa İttifaqında almaz ixracından əldə olunan gəlir rekord səviyyədə azalıb. İttifaq ölkələri qiymətli daşların ixracından cəmi 1,4 milyard avro qazanıblar. Almaz ixracatında aparıcı ölkə sayılan Belçikada bu göstərici təxminən 30 faiz azalaraq 1,3 milyard avro təşkil edib.