Azərbaycanda Rusiya istehsalı olan avtomobillərin texniki baxış müddəti başa çatdı. Aprelin son günü həmin müddət bitib və mayın 1-dən xarici avtomobillərin texniki baxıhına start verilib. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri, yəni sürücülərin daha çox «inomarka» adlandırdığı nəqliyyat vasitələri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır.
Qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur.
Qeyd edək ki, texniki baxışın dövlət rüsumu avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulub. Bu rüsumlar mühərrikin iş həcmindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxış zamanı həmin rüsumdan və rüsumu bank vasitəsilə ödədiyiniz halda 1 manatdan artıq olmayan bank xərcindən əlavə hər hansı ödəniş nəzərdə tutulmur və heç kəs belə ödənişi sizdən tələb edə bilməz.
Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:
1) sürücülük vəsiqəsi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi);
3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;
4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.
Əgər nəqliyyat vasitənizin istismarı texniki baxışdan əvvəl texniki nasazlıq səbəbi ilə müvafiq aktla qadağan edilmiş olubsa və bu nasazlığı özünüz yox, texniki-təmir sahəsi (stansiyası) aradan qaldırıbsa, onda bu qadağaya səbəb olan nasazlıqların aradan qaldırılması barədə həmin texniki-təmir sahəsinin sənədini də texniki baxış zamanı təqdim etməlisiniz.
Qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, son illər yaranmış təcrübəyə əsasən, nəqliyyat vasitəsini texniki baxışdan keçirərkən ödənilməmiş cərimələrin olub-olmadığı da yoxlanılır. Bu, əslində yaxşı haldır. Çünki sürücülərin ödənilməmiş cərimələrlə bağlı problemləri onların diqqətinə çatdırılır. Lakin ödənilməmiş cərimənin olması texniki baxışdan imtina üçün əsas deyil.
Bundan başqa, texniki baxışa təqdim edəcəyiniz əsas şey saz vəziyyətdə olan nəqliyyat vasitənizdir. Nəqliyyat vasitəsinin sazlığına dair tələb “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində verilib.
Nəzərə alın ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur.
Bundan əlavə, texniki baxışa may ayında yox, vaxt qurtarmağa bir-iki gün qalmıh gedənlər düşünürlər ki, bununla nəsə irəli düşdülər, faydalı oldu. Lakin bu, tamamilə yalnıh fikirdir. Çünki bir ay əvvəl, bir ay sonra, fərq etmir. Bütün hallarda hər bir nəqliyyat vasitəsi qrafik üzrə texniki baxışdan keçməlidir və bununla bağlı sürücüyə «birka» verilir. Sadəcə, texniki baxışa vaxtında getmək lazımdır ki, həm sıxlıq yaranmasın, həm də hansısa texniki nasazlıq aşkarlandıqda sürücü onu rahatlıqla aradan qaldıra bilsin. Əgər sabah vaxt başa çatırsa, sürücü bu gün texniki baxışa gedirsə, o zaman texniki problem yarandıqda sürücü onu dərhal aradan qaldırmaq üçün daha çox pul xərcləyir. Başqa neqativ hallar da ortaya çıxır ki, bunların qarşısını almaq üçün iyul ayının son həftəsini, son gününü gözləməyə ehtiyac yoxdur.
Avtosfer.az