“Problemli kreditlərlə bağlı təkliflərimizə baxılır, yaxın günlərdə cavab olacaq”.
Bu fikirləri Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirib.
O, qeyd edib ki, əgər təkliflərə müsbət cavab verilsə bank sistemində müsbətə doğru irəliləyişlər ola bilər: “Biz təkliflərimizi vermişik. Onlardan hansının qəbul olunub-olunmayacağı isə hökumətdən asılıdır. Təkliflərimizi Milli Məclisin sədri cənab Oqtay Əsədova, Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri, prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə göndərmişik. İndi orada təkliflərə baxılır, yəqin ki, bu yaxınlarda cavab olacaq.
Bizim təkliflərimizdən birincisi bank sistemində islahatlarla əlaqədardır. Bank sistemində ciddi islahatlara ehtiyac var. Bankların likvidliyi, kredit portfeli məsələsi, banklarda yaranmış əlavə borcların, dollarla verilən kreditlərin aradan qaldırılması əsas məqsədlərdəndir.
Birincisi, 1000 dollara qədər olan vəsaitlərin qaytarılmasını, zaminlərin ümumiyyətlə bu işə cəlb edilməməsini, ikincisi, 5 min dollara qədər olan kreditlərin 1.05 məzənnəsi ilə qaytarılmasını, üçüncüsü, 5 min manatdan yuxarı olan dollarla kreditlərin 20-25 faizlə qaytarılmasını təklif etmişik”.
Milli Məclisin deputatı problemli kreditlərin vurduğu ziyanın tərəflər arasında bərabər bölünməsini ədalətli adlandırıb: “Biz burada əsas məsələ kimi onu qoymuşuq ki, bu problemdən heç kim əziyyət çəkməsin. Bu məsuliyyət 4 tərəf, dövlət , Mərkəzi Bank, bank və əhali arasında bölüşdürülsün. Elə olsun ki, hamıya eyni dərəcədə yardım olunsun. Bankları sağlamlaşdırmaq üçün bu dəqiqə o vəsaitləri canlandırmaq lazımdır. İnsanlar o kreditləri qaytarmağa başlayanda banklarda əlavə vəsait yaranacaq, dövriyyədəki vəsait artacaq, bankların kredit vermək imkanı olacaq. Cənab prezident də bu məsələni gündəmə gətirib və hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılır. Onlar diaqnostika aparırdılar və artıq o prosesi yekunlaşdırıblar. Yəqin onların da təklifləri olacaq”.
V. Əhmədov təkliflərdə, Konstitusiya Məhkəməsinin ötən il verdiyi tövsiyə xarakterli qərarını da qeyd etdiklərini diqqətə çatdırıb: “Bu qərardakı tövsiyələri də təkliflərə daxil etmişdik. Qərarda bildirilirdi ki, banklar vətəndaşlara güzəştə getsinlər, ya kreditlərin vaxtını uzatsınlar, ya da imkan daxilində öz vəsaitləri hesabına aşağı faizlərlə güzəştlərə getsinlər”.
Müsahibimin sözlərinə görə, banklar vətəndaşlara güzəştə getməkdə maraqlı deyil: “Bunun səbəblərindən biri odur ki, son devalvasiya bankların özlərinə də ciddi təsir edib. Düzdür, müəyyən qədər güzəştə gedən banklarımız var. Ancaq bu məsələni birdəfəlik həll etmək lazımdır ki, həm problemli kreditlərin həcmi azalsın, həm də bankların vəziyyəti yaxşılaşsın”.
VirtualAz