Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin mart ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 46,606 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib.
Reportun Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, fevral ayında ilk dəfə dollar alışı göstəricisi satış əməliyyatlarını üstələsə də, martda yenidən əhaliyə satış üstünlük təşkil edib. Qeyd edək ki, ötən ilin analoji dövründə banklar 913,009 mln. dolların xalis satışını həyata keçirib. Ümumiyyətlə, bu ilin ilk üç ayında banklar 79,156 mln. dollar həcmində nağd valyuta kütləsi satıb. Mart ayı ərzində dollar ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 529,495 mln. dollar təşkil edib. Bu, fevral ayı göstəricisindən 266,968 mln. dollar və ya 33,5% azdır.
“Report”un analitik qrupu qeyd edir ki, nağd xarici valyutanın xalis alışının yaranması ölkədə iqtisadi canlanmanın bir qədər bərpa olunması fonunda idxal əməliyyatlarının artması və əhalinin vəsaitlərini manata çevirməsi prosesinin bitdiyini göstərir.
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Mərkəzi Bankın valyuta ehtiyatlarının 2014-cü ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il mayın 1-nə 11 072,8 mln. dollar və ya 72,9% azalaraq 4 120,6 mln. dollara qədər azalmasına səbəb olub.