21 C
Baku
Saturday, September 13, 2025

Azərbaycandakı mühəndislik şirkəti keçən il 10 milyon manat üzərində xalis mənfəət açıqladı

Azərbaycanda iri mühəndislik şirkəti “Encotec” QSC 2024-cü ildə 10.3 milyon manat xalis mənfəət əldə etməklə, 2023-cü ildəki 5.1 milyon manatı  iki dəfəyə yaxın üstələyir.

Banker.az xəbər verir ki, şirkətin gəlirləri 2023-cü ildə 24.4 milyon manat olduğu halda, 2024-cü ildə 38.9 milyon manata yüksəlib. Bu da illik müqayisədə 59.4 faiz artım deməkdir. Satışın maya dəyəri 21.8 milyon manat təşkil edib və nəticədə ümumi mənfəət 17.1 milyon manata çatıb ki, bu da ötən illə müqayisədə 89.6 faiz yüksəlişdir. Əməliyyat mənfəəti isə 13.1 milyon manat olub və əvvəlki illə müqayisədə təqribən 115 faiz artıb.

Balans hesabatına gəldikdə, şirkətin cəmi aktivləri 2023-cü ildə 14.7 milyon manat olduğu halda, 2024-cü ilin sonuna 18 milyon manata yüksəlib. Aktivlərin artımı əsasən pul vəsaitlərinin 867 min manata çatması və debitor borclarının yüksəlməsi ilə əlaqəlidir. Qısamüddətli aktivlər 12.1 milyon manata çataraq 38 faiz artıb. Uzunmüddətli aktivlər isə 5.9 milyon manat olub. Öhdəliklər də artaraq 6.4 milyon manata çatıb, bununla yanaşı şirkətin kapitalı 8.2 milyon manatdan 11.6 milyon manata yüksəlib.

“Encotec”in bölüşdürülməmiş mənfəəti 7.3 milyon manatdan 11.6 milyon manata qalxıb. Səhmdarlara ödədiyi ödənilmiş dividendlər isə 6.9 milyon manat təşkil edib.

Pul vəsaitlərinin hərəkəti hesabatına əsasən, əməliyyat fəaliyyətindən əldə olunan xalis pul vəsaitləri 2023-cü ildə 5.4 milyon manat olduğu halda, 2024-cü ildə 8.5 milyon manata çatıb. Bu da 56 faiz artım deməkdir. İnvestisiya fəaliyyətindən istifadə olunan vəsaitlər 1.1 milyon manat təşkil edib, ötən ildə isə bu göstərici 4.2 milyon manat olmuşdu. Maliyyə fəaliyyətindən isə 7.7 milyon manatlıq vəsait çıxışı qeydə alınıb. Nəticədə ilin sonunda şirkətin pul vəsaitləri 867 min manat olub.

“Encotec” QSC 8 yanvar 2001-ci ildə təsis edilmişdir. Cəmiyyət səhmlərlə məhdudlaşmış qapalı səhmdar cəmiyyəti formasında fəaliyyət göstərir. Şirkət Xəzər regionunun aparıcı mühəndislik şirkətlərindən biridir. Cəmiyyət konseptual dizayn tapşırıqlarından mühəndislik layihələrinə, layihə idarəçiliyinə və tikinti işlərinə qədər ümumi layihə həlləri təqdim etmək qabiliyyətinə və ixtisasına malikdir. “Encotec”in müxtəlif sənaye və qeyri-sənaye sektorlarında müştərilərə çoxdisiplinli mühəndislik, məsləhətçilik, dizayn, satınalma, istehsal, tikinti, istismara hazırlıq və işə salma xidmətləri, layihə idarəçiliyi və tikinti idarəçiliyi xidmətləri göstərir, xüsusi olaraq neft və qaz sənayesinə fokuslanır.

Son xəbərlər
Digər xəbərlər