Neft qiymətləri bazar ertəsi böyük dəyişiklik göstərməsə də, investorlar Ukraynanın Rusiya neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə hücumlarının ixracı poza biləcəyini, eyni zamanda ABŞ-da yanacağa tələbin artım perspektivlərini qiymətləndirirlər.
Brent nefti 0.5 faizə yaxın bahalaşaraq bir barel üçün 67.32 dollar, WTI isə 62.77 dollar olub. Hər iki marka ötən həftə 1%-dən çox bahalaşıb.
Hücumlar Rusiya neft ixracının əsas mərkəzi olan Primorsk terminalına və ölkənin iki ən böyük emal müəssisəsindən biri Kirişi zavoduna yönəlib. Primorsk gündə 1 milyon barel, Kirişi isə ildə 17.7 milyon ton (gündə 355 min barel) xam neft emal edir ki, bu da ölkə istehsalının 6.4%-ni təşkil edir.
Nüfuzlu bank “JPMorgan” analitikləri bu hücumların beynəlxalq bazara təzyiqi artıraraq qiymətlərin yüksəlməsinə səbəb ola biləcəyini qeyd edir.
Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Avropanı Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb. Eyni zamanda, Madridə keçirilən ABŞ-Çin ticarət danışıqları və ABŞ-da zəif məşğulluq göstəriciləri ilə inflyasiya artımı qlobal neft bazarında diqqət mərkəzindədir.