2025-ci ilin ilk səkkiz ayında Azərbaycana 12.5 min ton, 89.9 mln. dollar dəyərində kərə yağı idxal olunub.
Banker.az xəbər verir ki, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə həcmin 59%, dəyərin isə 123% artması deməkdir.
Bir tonun orta qiyməti 2024-cü ildə göstərici 5 147 dollar olduğu halda, 2025-ci ilin ilk səkkiz ayında 7 207 dollara qalxıb. Beləliklə, idxal olunan kərə yağının bir tonunun orta qiyməti 40% bahalaşıb. Bazarda mühüm paya sahib olan Yeni Zelandiyadan gətirilən kərə yağının orta qiyməti 2025-ci ildə əvvəlki ilə nisbətən 25% bahadır. Keçən ilin ilk səkkiz ayı üzrə orta qiymət 6 062 dollar/ton idisə, 2025-ci ilin analoji dövründə bu qiymətlər 7 593 dollar/tona qalxıb.
Qiymətlər daxili bazardan da yan keçmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda idxal olunan kərə yağları artıq daxili bazarda 2025-ci ilin avqustunda bir kiloqramı 24.11 manata yüksəlib. Bu son bir ildə 17 faiz bahalaşmadır. Məsələn, keçən ilin avqustunda bir kiloqramı 20.59 manat idi.
Ölkələr üzrə idxal strukturunda ilk yeri İran tutur. 2025-ci ildə İrandan 5 min tona yaxın (30.6 mln. dollar) kərə yağı gətirilib ki, bu da əvvəlki illə müqayisədə həcmin 9%, dəyərin isə 54% artması deməkdir. Yeni Zelandiyadan idxal həcmi 34% artaraq 2.9 min tona, dəyəri isə 67% artaraq 21.9 mln. dollara çatıb. Ukrayna üzrə göstəricilər daha kəskin yüksəlib – 220 tondan 959 tona (dörd dəfədən çox artım), dəyər isə 1.5 mln. dollardan 7.2 mln. dollara yüksəlib. Finlandiyadan idxal 234 tondan 694 tona, dəyər isə 1.6 mln. dollardan 6.5 mln. dollara qalxıb. Belarus üzrə də ciddi artım müşahidə olunub – 389 tondan 854 tona, dəyər isə 2.3 mln. dollardan 6.4 mln. dollara yüksəlib.
Digər tərəfdən, bəzi ölkələr üzrə azalma baş verib. Məsələn, Rusiyadan idxal 20.5 tondan 3.9 tona enib. Əvəzində yeni ölkələr siyahıya daxil olub. Bunlar, Səudiyyə Ərəbistanı (950 ton, 8 mln. dollar), Hindistan (429 ton, 2.5 mln. dollar), Türkmənistan (20 ton, 116 min dollar), Lüksemburq və İspaniya.