Şirkətlər strateji tərəfdaşlıq barədə razılığa gəliblər. Bu tərəfdaşlıq çərçivəsində ən azı 10 GVt gücə malik məlumat emalı mərkəzləri yaradılacaq və “Nvidia” sistemləri ilə təchiz olunacaq ki, bu da “növbəti nəsil” süni intellekt infrastrukturuna xidmət edəcək. “Nvidia”nın rəhbəri Censen Huangun sözlərinə görə, 10 GVt təxminən 4–5 milyon qrafik prosessora (GPU) bərabərdir. Bu isə şirkətin 2025-ci ildəki ümumi təchizat həcminə yaxındır.
Çip istehsalçısı infrastruktur qurulduqca “OpenAI”yə 100 milyard dollara qədər investisiya yatırmağı planlaşdırır. Birinci mərhələ 2026-cı ilin ikinci yarısına nəzərdə tutulub. Tərəfdaşlar bütün detalları yaxın həftələrdə razılaşdırmağı düşünürlər.
“Requisite Capital Management”in idarəedici partnyoru Brin Tokinqton CNBC-yə müsahibəsində bildirib ki, “OpenAI” sonradan həmin investisiyaları çip istehsalçısına qaytaracaq. Amma hansı formada hələlik məlum deyil. “Nasdaq” birjasında “Nvidia”nın səhmləri Bakı vaxtı ilə 21:23-də 3.66% bahalaşıb və hər biri təxminən 183.17 dollar dəyərinə çatıb.
2025-ci ilin əvvəlində ABŞ prezidenti Donald Tramp ölkədə məlumat mərkəzlərin tikintisi üçün “Stargate” layihəsinin başladığını açıqlamışdı. Bu, “OpenAI”, “Oracle” və “SoftBank”ın birgə müəssisəsidir və ilkin investisiya 100 milyard dollar təşkil edir, dörd il ərzində isə ona 500 milyard dollara qədər vəsait yatırmaq planlaşdırılır.
İyul ayında WSJ yazırdı ki, layihə “yerindən tərpənə bilmir”. Mənbələrin sözlərinə görə, “OpenAI” və “SoftBank” tərəfdaşlığın əsas aspektlərində razılığa gələ bilməyib. Avqustda “SoftBank” etiraf edib ki, “Stargate” layihəsi “çətinliklə də olsa irəliləyir”.
Sentyabrda WSJ və NYT mənbələri yazıb ki, “OpenAI” “Oracle” ilə 300 milyard dollarlıq müqavilə barədə razılıq əldə edib. Məlumata görə, söhbət ABŞ-də əlavə infrastrukturun — məlumat mərkəzlərinin “tikintisi”ndən gedir.








