Əfqanıstanda qəzaya uğrayan Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus təyyarə üzrə sığorta ödənişinin hesablanmasına Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının hadisənin araşdırılması üzrə komissiyasının son rəyindən sonra başlanılacaq.
“İpək Yolu Sığorta” ASC-dən Reporta bildirilib ki, sığorta ödənişinin zamanını və məbləğini indidən demək mümkün deyil. Şirkətdən bildirilib ki, hava gəmisinin kasko sığortası və hava gəmisinin ekipaj sığortası mövcuddur.
Qeyd edək ki, Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.
Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdür. Təyyarənin göyərtəsində yük olmayıb.
Təyyarənin göyərtəsində 9 ekipaj üzvü- Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı, hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü), Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı, ikinci pilot, 1971-ci il təvəllüdlü), Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı, şturman, 1968-ci il təvəllüdlü), Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı, bortmühəndis, 1964-cü il təvəllüdlü), Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı, radio-operator, 1964-cü il təvəllüdlü), Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı, bort operatoru, 1973-cü il təvəllüdlü), Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı, texnik, 1969-cu il təvəllüdlü), Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü, Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü olub.
Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Komissiyanın sədri Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimovdur.
Xatırladaq ki, təyyarə 1963 ukrayna istehsalıdır. Keçən ildə əsaslı təmir olunub.