20 C
Baku
Monday, September 29, 2025

Neft ucuzlaşıb – Hazırda bazara hansı amillər təsir edir?

İraqın Kürdüstan bölgəsinin həftəsonu Türkiyə vasitəsilə xam neft ixracını bərpa etməsi və OPEC+ alyansının noyabr ayında növbəti hasilat artımı planlaşdırması neftin qiyməti bazar ertəsinə artımla başlayıb.

Banker.az xəbər verir ki, Brent markalı neftin dekabr fyuçersləri 34 sent və ya 0,5% ucuzlaşaraq, Bakı vaxtı ilə 08:30-da bir barel üçün 69.79 dollar olub. Cümə günü isə qiymət 31 iyuldan bəri ən yüksək səviyyədə bağlanmışdı. ABŞ-ın WTI (Qərbi Texas) markalı nefti isə 43 sent və ya 0.7% azalaraq bir barel üçün 65.29 dollardan ticarət olunub və cümə gününün qazancının böyük hissəsini itirib.

Analitiklərə görə, mövcud hasilat artımı qorxuları qiymət artımını məhdudlaşdırır, lakin qısamüddətli perspektivdə sıx təklif görünüşü həftənin başlanğıcında neft qiymətlərini təzyiq altında saxlayır.

Şənbə günü İraqın şimalındakı muxtar Kürdüstan bölgəsindən Türkiyəyə gedən boru kəməri ilə 2.5 ildən sonra ilk dəfə xam neft nəql olunub. Bu, müvəqqəti razılaşmadan sonra yaranmış durğunluğu aradan qaldırıb, İraqın neft nazirliyi açıqlayıb.

İraqın federal hökuməti, Kürdüstan regional hökuməti və bölgədə fəaliyyət göstərən xarici neft istehsalçıları arasında əldə olunan razılaşmaya əsasən, gündəlik 180-190 min barel xam neft Türkiyənin Ceyhan limanına nəql olunacaq. İraqın neft naziri bu barədə cümə günü kürd televiziya kanalı “Rudaw”a danışıb.

ABŞ da ixracın bərpasını dəstəkləyib. Prosesin nəticəsində gündəlik 230 min barelədək xam neftin beynəlxalq bazarlara qaytarılması gözlənilir. Bu da OPEC+ hasilatı artıraraq bazar payını genişləndirməyə çalışması ilə eyni ana təsadüf edir.

Neft İxrac Edən Ölkələr Təşkilatı və tərəfdaşları – OPEC+ – bazar qiymətlərinin yüksəlməsindən faydalanaraq bazar payını daha da geri almaq məqsədilə bazar günü keçiriləcək iclasda ən azı gündəlik 137 min barellik yeni hasilat artımını təsdiqləyə bilər. Məsələyə yaxın üç mənbə bu barədə Reuters-ə məlumat verib.

Bununla belə, OPEC+ hədəflənən göstəricidən təxminən gündəlik 500 min barel az hasilat həyata keçirir və bazar gözləntilərinin əksinə olaraq təchizat bolluğu müşahidə olunmur.

“OPEC əlavə hasilat gücünü azaltdıqca, oktyabr ayında geosiyasi sürpriz riskləri artır,” – deyə “RBC Capital Markets” analitiklərinin mediada yayılan qeydlərində bildirib.

Onların sözlərinə görə, “yayın əsas mövzusu 2025-ci ilin IV rübündə təchizat artımı olsa da, bazar iştirakçıları Rusiya və İranla bağlı davam edən münaqişələrin yaratdığı sürətlə artan riskləri nəzərə almağa başlayıblar.”

Keçən həftə Brent və WTI markalı neft 4%-dən çox bahalaşıb və bu, iyundan bəri ən böyük həftəlik artım olub. Bu artıma Ukraynanın Rusiyanın enerji infrastrukturuna pilotsuz təyyarə hücumları nəticəsində ölkənin yanacaq ixracının azalması səbəb olub.

Bu arada Rusiya bazar günü səhər erkən saatlarda Kiyevi və Ukraynanın digər bölgələrini genişmiqyaslı hava hücumlarına məruz qoyub. Bu, müharibə başlayandan bəri paytaxta edilən ən intensiv hücumlardan biri olub.

BMT isə İranın nüvə proqramı ilə bağlı Avropa ölkələrinin işə saldığı prosedur çərçivəsində həmin ölkəyə qarşı silah embarqosunu və digər sanksiyaları yenidən qüvvəyə mindirib. Tehran bu addımın sərt cavabla qarşılanacağı barədə xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər