“The Information”ın məlumatına görə, “OpenAI” 2025-ci ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə gəlirini təxminən 16% artıraraq 4.3 milyard dollara çatdırıb. Bununla yanaşı, şirkət süni intellekt sahəsinə böyük məbləğlər xərcləməyə davam edir.
Hesabata əsasən, “OpenAI” ilk yarımildə 2.5 milyard dollar xərcləyib. Bu vəsaitin əsas hissəsi İA-nın hazırlanmasına və “ChatGPT” kimi flaqman proqram təminatının işləməsinə yönəlib.
Maliyyə sənədlərində qeyd olunub ki, şirkət ilk altı ayda tədqiqat və inkişafa 6.7 milyard dollar ayırıb. “OpenAI” bu templə illik 13 milyard dollar gəlir və 8,5 milyard dollar xərc hədəflərinə yaxınlaşır.
Şirkət süni intellekt sahəsində ambisiyalarını maliyyələşdirmək üçün yeni iri investorları cəlb edir. Bunun fonunda əsas tərəfdaş “Microsoft” (NASDAQ: MSFT) ilə müəyyən fikir ayrılıqları qalmaqdadır. Ötən həftə süni intellekt nəhəngi “NVIDIA Corporation” (NASDAQ: NVDA) “OpenAI”yə 100 milyon dollar sərmayə qoyacağını açıqlayıb. Bundan əvvəl isə Yaponiyanın “SoftBank Group Corp.” (TYO: 9984) şirkətə on milyardlarla dollar sərmayə yatırmağı öhdəsinə götürüb.