16 C
Baku
Thursday, October 2, 2025

Fransa Rusiyanın “kölgə donanması”na aid tankeri saxlayıb

Fransa Hərbi Dəniz Qüvvələri çərşənbə axşamı bildirib ki, hakimiyyət orqanları Rusiyanın nefti ilə ticarətdə iştirak edən və “kölgə donanması”na məxsus olduğu ehtimal edilən “Boracay adlı neft tankerinin qaydaları pozub-pozmadığını araşdırır.

Gəmi Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar altındadır. Bu ilin əvvəlində o, Estoniya hakimiyyət orqanları tərəfindən dövlət bayrağı olmadan üzməyə görə saxlanılmışdı. “Kölgə donanması”na aid tankerlərin adətən qeyri-şəffaf sahibləri və sığortaları olur, həmçinin çox vaxt onların yaşı 20 ildən yuxarı olur.

“MarineTraffic”in məlumatına görə, xam neft daşıyan tanker 20 sentyabrda Rusiyanın Primorsk limanını tərk edib. O, Baltik dənizindən keçib, Danimarkanın ərazi sularından üzərək Şimal dənizinə daxil olub və daha sonra La-Manş boğazı vasitəsilə qərbə istiqamətlənib.

Gəminin izləmə məlumatları göstərir ki, 2007-ci ildə inşa edilmiş tanker Fransa sahillərinin şimal-qərb nöqtəsini döndükdən sonra fransız hərbi gəmisi tərəfindən müşayiət olunub, daha sonra kursunu dəyişərək Fransanın sahilinə tərəf hərəkət edib. Hazırda o, Sen-Nazaire sahillərində lövbərdə dayanıb.

Fransa Hərbi Dəniz Qüvvələri araşdırmaya başladığını açıqlayıb. Brest prokuroru “Reuters”ə bildirib ki, araşdırma gəminin heyəti milli mənsubiyyətini təsdiq edən sənədlər təqdim etmədikdən və əmrləri yerinə yetirmədikdən sonra başlanılıb.

Gəmi 2024-cü ilin dekabrında adını “Boracay” (bəzi gəmiçilik bazalarına görə isə “Pushpa”) olaraq dəyişib. Ondan əvvəl isə onun adı “Kiwala” olub.

Son xəbərlər
Digər xəbərlər